Kolumbiyanın Norte Universitetinin müəllim-tələbə heyəti Xocalı soyqırımı haqqında məlumatlandırılmışdır
Bakı, 28 fevral (AZƏRTAC). Kolumbiyanın Barrankilya şəhərində fəaliyyət göstərən Norte Universitetində yeni təsis edilmiş Kolumbiya-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Meksikadakı səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə Assosiasiyasının təsisçisi Şəhriyar Həsənli Azərbaycan haqqında məlumat vermiş, hazırda ölkəmizin sürətlə inkişaf etdiyini vurğulamışdır. O, Azərbaycanın bugünkü inkişafında Prezident İlham Əliyevin uğurlu siyasətinin rolunu xüsusi qeyd etmişdir.
Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açılmışdır. Bildirilmişdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon zəbt edilmişdir.
Konfransda 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımından ətraflı bəhs edilmiş, faciə haqqında məlumat xarakterli təqdimat olmuşdur.
Ş.Həsənli Xocalı soyqırımına dair qətnamələr qəbul etdiyinə görə Kolumbiya Konqresinə Assosiasiya adından minnətdarlıq etmişdir. O, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən Kolumbiyanın digər şəhərlərinin təhsil ocaqlarında da belə tədbirlər keçirəcəklərini bildirmişdir.
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, suallar cavablandırılmışdır.
Konfrans iştirakçılarına Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ispan dilində Xocalı soyqırımı ilə bağlı hazırlanmış disklər və jurnallar paylanmışdır.
Konfransda Norte Universitetinin müəllim-tələbə heyəti, digər qonaqlar iştirak etmişlər.