Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
Bakı, 27 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının II ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, oktyabr II ongünlüyündə Kür çayında suyun sərfi ayın I ongünlüyünə nisbətən 13 kubmetr/saniyə azalaraq 167 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə yol verilən həddi keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfinin 9,46 kubmetr/saniyə olduğu müəyyən edilmişdir.
Horadiz məntəqəsində fenol 3, mis birləşmələri 1,5, I Şahsevən məntəqəsində fenol 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenol 2, mis birləşmələri 3 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.