Kürün aşağı axınında çirklənmənin səviyyəsi artmışdır
Bakı, 24 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür çayında 2010 və 2011-ci ilin oktyabr aylarında keçirdiyi monitorinqlərin nəticələrinin müqayisəli təhlilini aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlərin nəticələrinə görə, çayın yuxarı axınında - Gürcüstanla sərhəddə yerləşən Şıxlı-2 məntəqəsində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri ardıcıl olaraq 4-6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmiş, sintetik səthi aktiv maddələrin (SSAM) miqdarı isə normadan bir qədər çox qeydə alınmışdır. Minerallaşma dərəcəsi 1 litr suda 0,7-0,8 qram təşkil etmiş, biogen maddələr isə normadan dəfələrlə çox olmuşdur.
Yenikənd və Mingəçevir su anbarlarında çaya həm antropogen təsirlərin az olması, həm də çayda gedən özünütəmizləmə prosesləri nəticəsində xarakterik çirkləndiricilərin qatılıqlarının miqdarının azalması müşahidə olunmuşdur.
Kür çayının orta axınında yerləşən Zərdab məntəqəsi, əsasən kənd təsərrüfatı sahələrindən axıdılan çirkab suların təsirinə məruz qaldığından 2010-cu ilin oktyabr ayında fenollar 2,4, mis birləşmələri 4 dəfə, 2011-ci ilin oktyabrında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir. Minerallaşma 1 litr suda 0,5-0,6 qram təşkil etmiş, SSAM və biogen maddələr norma daxilində olmuşdur.
Şirvan və Salyan şəhərlərinin çirkab sularının axıdılması Kürün aşağı axınında çirklənmənin səviyyəsinin artmasına səbəb olmuşdur. Belə ki, 2010-2011-ci illərin oktyabr aylarında Şirvan, Salyan, Bankə məntəqələrində fenolların miqdarı 3-5, mis birləşmələrinin miqdarı 4-4,5 dəfə YVQH-ni keçmişdir. Biogen maddələrdən nitratların miqdarı 2010-cu ilin oktyabr ayında 7 dəfə, 2011-ci ilin oktyabr ayında isə 5 dəfə normadan çox olmuşdur. Minerallaşma 2010-cu ilin oktyabr ayında 1 litr suda 1 qram, 2011-ci ilin oktyabr ayında 0,7 qram olmuşdur.
Kür çayı üzərində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsi ötən illə müqayisədə 33 santimetr aşağı olmuşdur.