REGİONLAR
Lənkəranda məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar
Lənkəran, 13 avqust, İlkin Adıyev, AZƏRTAC
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar 77 saylı Lənkəran şəhər seçki dairəsində treninqlərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün keçirilən treninqə dairə seçki komissiyasına daxil olan 41 məntəqədən nümayəndələr qatılıblar.
Treninqlərin məqsədi seçkilərin keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi, onların rol və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulmasıdır.
Məntəqə seçki komissiyaları üzvlərinin fəallığı şəraitində keçən təlim məşğələləri zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun və bir sıra digər zəruri sənədlərin nümunələri paylanılıb.
Qeyd edək ki, 77 saylı Lənkəran şəhər seçki dairəsində 47 min 815 nəfər seçici qeydə alınıb.