LİTVA RESPUBLİKASININ BAŞ NAZİRİ AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Litva Respublikasının Baş naziri Gediminas Kirkilas Vilnüsdəki “Milli İcmalar Evi”ndə Litva Azərbaycanlıları Cəmiyyətinin üzvləri ilə görüşmüşdür. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə Litva Azərbaycanlıları Cəmiyyətindən məlumat verilmişdir.
Görüşdə Litva-Azərbaycan mədəniyyətlərarası dialoqunun genişləndirilməsi məsələlərinə toxunulmuş, xalqlarımız arasında bu cür dialoqun təşkilində, hər iki ölkədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, o cümlədən diaspor təşkilatlarının rolu xüsusi vurğulanmışdır. Litva ilə Azərbaycan arasında ictimai, mədəni əlaqələrin inkişafı ilə bağlı Hökümətlər arasında davam edən danışıqlar prosesinə və qarşılıqlı mədəni tədbirlərin təşkilinə Litva Azərbaycanlıları Cəmiyyətinin də qoşulmasının vacibliyi, eləcə də bu sahədə toplanmış təcrübədən istifadənin əhəmiyyəti qeyd edilmişdir.
Cəmiyyətin sədri Mahir Həmzəyev 2007-ci ildə həyata keçirilməsi nəzərdə tutulmuş “Litva-Azərbaycan mədəniyyətlərarası dialoqu” layihəsini Baş nazirə təqdim etmişdir.
Cənab Gediminas Kirkilas Azərbaycana səfərini və Bakıda keçirdiyi görüş və söhbətlərini məmnunluqla xatırlamışdır. O, ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir.