SİYASƏT
LONDONDAKI AZƏRBAYCAN VƏ TÜRK İCMALARI BİRGƏ LAYİHƏLƏR HAZIRLAMAQ BARƏDƏ QƏRAR QƏBUL ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, London Azərbaycan Evində Britaniyadakı Türk İcmalarının Mədəni Forumunun (Turkic Forum) ilk toplantısı keçirilmişdir. Tədbir Britaniyadakı Azərbaycan və türk icmalarının təşəbbüsü ilə baş tutmuşdur.
Britaniyadakı Azərbaycan, Qazaxıstan və Qırğızıstan səfirliklərinin və icmalarının, Türkmənistan, Türkiyə, Şimali Kipr, Güney Azərbaycan, Kərkük, Bolqarıstan və Yunanıstan türklərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Londondakı Azərbaycan Evinin idarə heyətinin rəhbəri Əli Təkin Atalar Forumun məqsəd və məramından danışmışdır. Daha sonra türk icmasının üzvü Sərvət Hassan, Azərbaycan icmasının təmsilçisi Vüsal Həmzəyev və başqaları çıxış edərək türklərin uzun illər bir-birindən ayrı olmasına baxmayaraq, Sovetlər Birliyi dağıldıqdan sonra bir yerdə olmaq üçün böyük fürsət qazandıqlarını qeyd etmişlər. Çıxışlarda bir fikir xüsusi vurğulanmışdır ki, Azərbaycan və türk icmalarının bir yerdə böyük icma statusu almaqla daha böyük uğurlar əldə edər, irimiqyaslı layihələr həyata keçirə bilərlər.
Sonda müvəqqəti idarə heyəti və nümayəndələr komitəsi seçilmiş, 2009-cu ildə Novruz bayramının bir yerdə keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Gələn ilin əvvəlində yenidən görüşmək və konkret layihələr hazırlayaraq həyata keçirmək barədə razılıq əldə olunmuşdur.