REGİONLAR
Masallı sakini quşçuluq təsərrüfatını genişləndirərək xaricə qırqovul və bildirçin ixrac etməyi planlaşdırır
Masallı, 11 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Kolatan kənd sakini Etibar Sadıqlı uzun illər kənd təsərrüfatı sahəsində çalışsa da, son iki ildə çöl quşları - qırqovul və bildirçin saxlamağa qərar verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Etibar Sadıqlının fərdi quşçuluq təsərrüfatında 300-ə qədər qırqovul, 1000-ə yaxın bildirçin var.
Altmış dörd yaşlı kənd sakini gümrah olmasının səbəbini öz təsərrüfatının məhsullarından qidalanmasında görür, qırqovul və bildirçin ətinin, yumurtasının insan orqanizminə çox xeyirli olduğunu deyir.
Təsərrüfat sahibinin sözlərinə görə, quşçuluq sahəsi həm də gəlir gətirən sahədir. Azərbaycanın hər yerindən ona sifarişlər gəlir.
Maraqlısı budur ki, kənd sakini sifarişlərin qəbulunu və satışını internet vasitəsilə həyata keçirir.
Qiymətlərə gəldikdə isə, qırqovulun cütü 70-80 manata, bildirçinin cütü isə 2-3 manata satılır.
Bildirçinlərin min bir dərdə dərman olduğunu deyən təsərrüfat sahibi çöl quşlarının sayını artırmağı və xarici bazarlara çıxarmağı planlaşdırır.