Masallıda çəltik biçini yekunlaşmaq üzrədir VİDEO
Masallı, 18 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Masallıda çəltik biçini davam edir. 220,8 hektar çəltik sahəsinin bu günədək 200 hektarı biçilib, hər hektardan 32,5 sentner məhsul götürülüb.
AZƏRTAC xəbər verir ki, ətirli və dadlı Masallı düyüsü əsasən rayonun su ehtiyatları, suvarma imkanları əlverişli olan Boradigah, Xıl, Tüklə, Ərkivan, Şıxlar, Sərçuvar və Qızılağac məntəqələrində yetişdirilir. Hazırda fermerlərin böyük zəhmət hesabına ərsəyə gətirdikləri məhsul sahələrdən yığılır.
Fermer Təbib Mehdiyev: “10 hektar sahədə “Haşımi” sortundan olan çəltiyi biçirik. “Gilani” “Okean”, “Apola” sort çəltik də əkmişik. Bu il keyfiyyətli toxum əkilən sahələrdən “Haşımi” sortu üzrə hektara 3-3,5 ton, “Apola” və “Okean” sortlarından 6-8 ton məhsul götürülür. Əldə olunan ekoloji təmiz düyünün alıcıları da var. Məhsuldarlıq yaxşıdır”.
Çəltiyin əkilib-becərilməsində mütərəqqi texnika və texnologiyanın tətbiqi istehsalçıların işini xeyli asanlaşdırıb. Hazırda biçində 2 texnika iştirak edir. Bu texnikaların üstünlüyü ondadır ki, torpaqda batmadan rahat hərəkət edir, çəltik itkiyə getmir, qırılmır.
“Aqroservis” ASC-in Masallı-Yardımlı bölməsindən bildirilib ki, növbəti illərdə rayona əlavə texnikaların gətirilməsi nəzərdə tutulub. Onların arasında iri sahələr üçün uyğun olan çəltikbiçən kombaynlar da olacaq.
Gübrə təminatına gəlincə, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev bu sahədə çətinliyin olmadığını vurğulayıb. Fermerlər vaxtlı-vaxtında gübrə ilə təmin olunub. Onun sözlərinə görə, bəzi fermerlər əkinlə bağlı bəyanlarını gecikdirsələr də, onlara lazımi köməklik göstərilib və problem aradan qaldırılıb.
Qeyd edək ki, rayonda bu il əkilmiş 220 hektar çəltik sahəsinin 156 hektarı Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə bəyan olunub. Bəyanların vaxtında edilməsi üçün fermerlər arasında maarifləndirmə, təbliğat işləri davam edir.