“MƏLUMAT BAZALARININ HÜQUQİ QORUNMASI HAQQINDA” QANUN LAYİHƏSİ BİRİNCİ OXUNUŞDA QƏBUL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, müzakirələrə başlamazdan əvvəl deputatlar Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov qanun layihəsi ilə bağlı məlumat vermişdir. O demişdir ki, bu Qanun formasından asılı olmayaraq məlumat bazalarının yaradılması, hüquqi qorunması və istifadəsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
“Məlumat bazalarının hüquqi qorunması haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanundan, digər normativ hüquqi aktlardan və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Sənəddə müəlliflik hüququ, əmək hüquqlarının verilməsi və məlumat bazalarından istifadə, məlumat bazalarının istehsalçısının hüquq və vəzifələri, məlumat bazalarının qanuni istifadəçisinin vəzifələri, xüsusi qorunma, məlumat bazalarının qeydiyyatı, onlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət və digər müddəalar öz əksini tapmışdır.
Respublika müəllif hüquqları agentliyinin sədri Kamran İmanov demişdir ki, bu qanunun qəbulu ölkədə məlumat bazasının mühafizəsi ilə yanaşı, müəllif hüquqlarının qorunmasını da təmin edəcəkdir.
Müzakirələr zamanı deputatlar layihədəki dillə bağlı qüsurları xüsusi vurğulamış və bəzi təkliflər irəli sürmüşlər.
Milli Məclisin sədri Murtuz Ələsgərov qanun layihəsinin dilində qüsurlar olduğunu təsdiqləmiş və çatışmazlıqların aradan qaldırılması ilə bağlı komissiyaya tapşırıq vermişdir.
Şahlar Əsgərov deputatlar tərəfindən irəli sürülən irad və təkliflərin diqqətlə öyrəniləcəyini və nəzərə alınacağını bildirmişdir.
Sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunmuşdur.