MƏTBUAT AZAD SÖZÜN NÜMUNƏSİNƏ ÇEVRİLMƏLİ, İNSANLARIN HÜQUQ VƏ AZADLIQLARINA XİDMƏT ETMƏLİDİR
AZƏRTAC xəbər verir ki, iyunun 21-də Yeni Azərbaycan Partiyası icra katibliyinin təşkilatçılığı ilə “Mətbuat və cəmiyyət” mövzusunda dəyirmi masa keçirilmişdir. Prezidentin İcra Aparatının, Milli Məclisin daimi komissiya sədrləri və deputatlarının, YAP rəhbərliyinin, xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən qeyri-hökumət jurnalist təşkilatlarının və qəzetlərin çoxsaylı nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanda mətbuatın vəziyyəti, problemləri və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
YAP sədrinin müavini, icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbiri açaraq bildirmişdir ki, Azərbaycanda azad söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın rolunun artırılması istiqamətində mühüm işlər
görülmüş, lazımi hüquqi baza yaradılmışdır. Partiyanın bir il əvvəl belə tədbir keçirilməsi təklifi ilə çıxış etdiyini xatırladan sədr müavini, bununla YAP-ın hələ o zaman mətbuat-cəmiyyət, mətbuat-şəxsiyyət münasibətlərini müzakirə predmetinə çevirdiyini qeyd etmiş, mövzunun aktuallığını, cəmiyyət və mətbuat üçün əhəmiyyətini nəzərə alaraq, təkrar həmin məsələyə qayıdıldığını bildirmişdir.
görülmüş, lazımi hüquqi baza yaradılmışdır. Partiyanın bir il əvvəl belə tədbir keçirilməsi təklifi ilə çıxış etdiyini xatırladan sədr müavini, bununla YAP-ın hələ o zaman mətbuat-cəmiyyət, mətbuat-şəxsiyyət münasibətlərini müzakirə predmetinə çevirdiyini qeyd etmiş, mövzunun aktuallığını, cəmiyyət və mətbuat üçün əhəmiyyətini nəzərə alaraq, təkrar həmin məsələyə qayıdıldığını bildirmişdir. Mətbuatda senzuranın götürülməsi təşəbbüsünün ulu öndər Heydər Əliyevə məxsus olduğu, indi də KİV-ə Azərbaycan dövləti tərəfindən lazımi diqqət və qayğı göstərildiyi vurğulanmışdır.
Azərbaycanda mətbuatın inkişafına mane olan problemlərdən danışan Əli Əhmədov, onların sırasında həddindən artıq siyasiləşməni xüsusi qeyd etmişdir. “Hər hansı bir siyasi təşkilatın şöbəsi kimi fəaliyyət göstərən qəzetlərə reklamın verilməsi həmin təşkilatın maliyyələşməsinə yardım demək deyilmi?” sualını verən partiya sədrinin müavini qəzetlərin reklam probleminin kökündə məhz bunun dayandığını nəzərə çatdırmışdır.
Son dövrlər artan məhkəmə çəkişmələrinin əsasında isə mətbuat azadlığının insan, şəxsiyyət azadlığından üstün götürülməsinin dayandığını, hər bir vətəndaşın öz hüquqlarını müdafiə etmək haqqı olduğunun unudulmasının durduğunu qeyd edən Əli Əhmədov bildirmişdir ki, hər bir mətbu orqan ilk növbədə insan hüquq və azadlıqlarına xidmət etməlidir.
Bu günədək 3000-dən artıq mətbu orqanın qeydiyyatdan keçdiyini, lakin onlardan 600-ə qədərinin fəaliyyət göstərdiyini xatırladan Mətbuat Şurasının sədri Əflatun Amaşov demişdir ki, oxucu bəzən axtardığı informasiyanı mətbuatdan ala bilmir. Bu da həmin qəzetlərin sifarişli yazılar dərc etdiyini, kimlərdənsə, yaxud hansı təşkilatdansa asılılığını sübut edir. Dərc edilən yazılarda insanların şərəf və ləyaqətinin alçaldılması faktlarının mövcudluğunu bildirən Ə.Amaşov, bununla bağlı Mətbuat Şurasına 7000-dən artıq ərizə və şikayətin daxil olduğunu demişdir.
Mövzunun aktuallığına diqqəti cəlb edən Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd etmişdir ki, dünyanın heç bir ölkəsində mətbuatın problemləri tam həll olunmamışdır.
Mövzunun müzakirəsində həm iqtidarı, həm müxalifəti təmsil edən insanların, Milli Məclisin deputatlarının, mətbuatın seçkili orqanları nümayəndələrinin iştirakını müsbət hal kimi qiymətləndirən şöbə müdiri əmin olduğunu bildirmişdir ki, bu dəyirmi masa mövcud problemlərin həllinə müəyyən müsbət təsir göstərəcəkdir.
Bəzi jurnalistlərə insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı tövsiyə edən Əli Həsənov demişdir ki, söz və mətbuat azadlığı demokratiyanın əsas atributlarından sayılsa da, təəssüflər olsun, bəzi mətbu orqanlar bundan sui-istifadə edərək, şəxsiyyətin azadlığı prinsiplərini pozur, təhqiramiz yazılar dərc edirlər. O, insan şərəf və ləyaqətinin Azərbaycan cəmiyyətində mental dəyərlər kimi əhəmiyyət kəsb etdiyini xatırladaraq, jurnalistləri başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırmışdır.
“Diffomasiya haqqında” qanunun gec-tez Azərbaycanda qəbul ediləcəyini bildirən şöbə müdiri bildirmişdir ki, həmin qanun o zaman qəbul olanacaq ki, jurnalistlər başqasının şərəf və ləyaqətini təhqir etməyi özlərinə rəva bilməyəcəklər. Həbsdə olan jurnalistlərin Prezident tərəfindən əfv ediləcəyinə əmin olduğunu bildirən Əli Həsənov vurğulamışdır ki, həmin jurnalistlər də əməllərindən əl çəkməlidirlər.
Ölkədə reklam bazarının iqtisadi inkişaf sürəti ilə adekvat olmadığını təsdiq edən şöbə müdiri bildirmişdir ki, həqiqətən də, ümumi məbləği 26 milyon ABŞ dolları olan reklam gəlirlərinin 24 milyonu elektron KİV-ə, qalan məbləğ isə mətbuata məxsusdur və bu qeyri-normal haldır. Problemin həlli yolunu mətbuatın ayrı-ayrı siyasi düşərgələrdən asılılığının aradan qaldırılmasında gördüyünü bildirən Əli Həsənov mətbuat nümayəndələrini bu məsələ ilə bağlı birgə müzakirələrə çağırmışdır.
Azərbaycan hakimiyyətinin mətbuatdan gözlədikləri haqqında danışan şöbə müdiri demişdir ki, birinci növbədə mətbuat nümayəndələri öz oxucularının informasiya ehtiyacını ödəməlidir. Jurnalistlər baş verən hadisə haqqında informasiyanı oxucuya obyektiv təqdim etməli, onun təhlilini verməli, qiymətləndirməli, nəticələri haqqında proqnozlar verməlidirlər. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir jurnalist özünü əsl azərbaycanlı kimi aparmalı, Vətəninin şərəfini, milli mənsubiyyətini hər şeydən uca tutmalıdır. Azərbaycan əleyhinə Ermənistan və erməni lobbisi tərəfindən sistemli, çoxşaxəli əks-təbliğatın aparıldığını nəzərə alaraq jurnalistlər unutmamalıdırlar ki, Vətənə, dövlətə dəyən zərbə, ilk növbədə, hər bir vətəndaşa dəyən zərbədir.
Tədbirdə səslənən fikirlərə diqqətlə yanaşılacağını, mətbuatla cəmiyyət arasında yaranmış gərginliyin aradan qaldırılması üçün müvafiq addımların atılacağını qeyd edən Əli Həsənov bildirmişdir ki, iqtidar müstəqil qəzetlərin iqtisadi bazasının formalaşması, azad mətbuatın inkişafı üçün verilən təkliflərə diqqətlə yanaşacaqdır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında demişdir ki, əgər qəzetlər siyasi təşkilati işlərlə məşğul olacaqsa, o zaman problemlər həll edilməmiş qalacaqdır. Buna görə də o, qəzetlərin partiyaların asılılığından çıxmasını və müstəqil, peşəkar redaksiyaların formalaşmasını təklif etmişdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılması barədə təklifə münasibət bildirərək demişdir ki, həmin maddələr təkcə jurnalistika ilə bağlı deyil, ümumiyyətlə, insanlara böhtan atanlara qarşı tətbiq olunur. Ona görə indiki məqamda bu maddələrin ləğvi məqsədəuyğun deyildir.
Dəyirmi masada Milli Məclisin deputatları Gülər Əhmədova, Elmira Axundova, Fəzail Ağamalı, Bəxtiyar Sadıqov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının üzvü Qulu Məhərrəmli və başqaları çıxış edərək bildirmişlər ki, mövcud problemləri qarşılıqlı ittihamları aradan qaldırmaqla, müzakirələr yolu ilə həll etmək mümkündür.
Dəyirmi masada irəli sürülmüş təkliflərin ümumiləşdirilərək müvafiq dövlət strukturlarına təqdim olunması və gələcəkdə də bu cür müzakirələrin davam etdirilməsi qərara alınmışdır.