MİLLİ MƏCLİS QADINLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏYƏ DAİR BƏYANAT QƏBUL ETMİŞDİR
Milli Məclis sədrinin müavini Bahar Muradova iclası açaraq demişdir ki, Avropa Şurasının təşəbbüsü və dəstəyi ilə keçirilən qadınlara qarşı zorakılıqla mübarizə kampaniyası 2006-2008-ci illəri əhatə edir. Avropa Şurası Parlament Assambleyasının sədri Rene Van der Linden Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək, Azərbaycan parlamentinin də kampaniyada iştirakını xahiş etmişdir. AŞPA qadınlara qarşı zorakılıqla mübarizəyə dair qanunvericilikdə olan boşluqların doldurulması, yeni qanunların qəbulu və təkmilləşdirilməsi, ictimai müzakirələrin təşkili, Milli fəaliyyət planının qəbulu, büdcə vəsaitlərinin ayrılması barədə tövsiyələr vermişdir. Eyni zamanda, Rene Van der Linden bu məsələdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığı təmin etmək üçün əlaqələndirici təyin olunmasını xahiş etmişdir. Milli Məclisin deputatı Gülər Əhmədova əlaqələndirici təyin olunmuşdur.
B.Muradova vurğulamışdır ki, Azərbaycan parlamenti bu sahədə öz üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir.
Layihənin əlaqələndiricisi Gülər Əhmədova çıxışında bildirmişdir ki, AŞPA-nın “Qadınlara qarşı zorakılığı dayandırın!” kampaniyası quruma daxil olan bütün ölkələrdə keçirilir. AŞPA kampaniyanın 5 istiqamətdə aparılmasını tövsiyə edir: Əhalinin maarifləndirilməsi, zorakılığın profilaktikası, zorakılıq qurbanlarının müdafiəsi və reabilitasiyası, qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunların qəbulu.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, ədliyyə nazirinin müavini Toğrul Musayev çıxış edərək, ölkədə qadınlara qarşı zorakılıq faktlarından və problemin dövlət səviyyəsində həlli ilə bağlı görülən işlərdən danışmışlar.
Müzakirələrdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlardan Elmira Axundova, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov, Pənah Hüseyn, Qənirə Paşayeva, Xanhüseyn Kazımlı, Rəfail Cəbrayılov, Gövhər Baxşəliyeva, Siyavuş Novruzov, Rəbiyyət Aslanova, Sabir Rüstəmxanlı və başqaları çıxış etmiş, rəy və təkliflərini bildirmişlər.
Çıxışlarda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün qanunvericilik bazasının möhkəmləndirilməsinin, yeni qanunların qəbulunun, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində kütləvi zorakılığa məruz qalmış Azərbaycan qadınlarının hüquqlarının beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi istiqamətində kampaniya çərçivəsində konkret tədbirlər görülməsinin vacibliyi vurğulanmışdır.
Sonra Milli Məclis müvafiq bəyanat qəbul etmişdir.