MƏDƏNİYYƏT
“Miras” Azərbaycan turizmini Türkiyənin Ordu şəhərində tanıdacaqdır
Bakı, 11 fevral (AZƏRTAC). Fevralın 14-dən 17-dək Türkiyənin Ordu şəhərində Beynəlxalq Qaradəniz turizm sərgisi keçiriləcəkdir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ordu Valiliyi və Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə Azərbaycanı “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB) və “Heritage travel” turizm şirkəti təmsil edəcəklər.
“Miras” İB-dən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətimiz Azərbaycanın turizm imkanlarını, son illərdə bu sahədəki yenilikləri, turizmin yeni növləri ilə bağlı ölkəmizdə aparılan işləri sərgi ziyarətçilərinin diqqətinə çatdıracaqlar. Bu məqsədlə bir sıra audio və videomateriallar, nəşrlər, bannerlər, tanıtma vəsaitləri Ordu şəhərinə aparılacaqdır.
Sərginin təşkilati işlərini üzərinə götürmüş Demar Sərgi Birliyinin baş direktoru Rəcəb Köymən bildirmişdir ki, sərgi dörd min kvadratmetr sahəsi olan Ordu Şəhər Mədəniyyət Mərkəzində müxtəlif tədbirlər vasitəsilə gerçəkləşəcəkdir. Yerli və əcnəbi iştirakçılar öz ölkələrinin turizm məhsullarını, otel və turizm agentliklərini nümayiş etdirməklə yanaşı, musiqi, rəqs, milli mətbəx və s. təqdim edəcəklər.
Tədbirdə “Miras” İctimai Birliyinin musiqi qrupu da çıxış edəcəkdir.