Misir kurort zonalarından onlayn-transilyasiya rejimində turistlərin təhlükəsizliyini nümayiş etdirəcəkdir
Qahirə, 18 fevral (AZƏRTAC). Qarşıdakı bir ay müddətində Misirin hakimiyyət orqanları ölkənin kurort zonalarının təhlükəsizliyi barədə turistlərin məlumatlandırılmasına dair yeni layihəni həyata keçirməyə başlayır. Bunu turistlərin təhlükəsizliyinə həsr olunmuş mətbuat konfransında Misir Turizminin İnkişafı İdarəsinin sədri Nasir Həmdi bildirmişdir.
Onun sözlərinə görə, kurort zonalarından və “qaynar nöqtələrdən” gecə-gündüz onlayn-translyasiyaların köməyi ilə Misir hökuməti ölkəyə gələn xarici turistlərin təhlükəsizliyini artırmağa çalışır.
N.Həmdi demişdir ki, yeni layihənin birinci mərhələsində ölkənin bütün kurortlarında və turist obyektlərində videomüşahidə kameralarının quraşdırılması nəzərdə tutulur. Bu kameralar turistlərin istirahət etdikləri yerlərdə baş verənləri real vaxt rejimində qeydə alacaq və internetə translyasiya edəcəkdir. O demişdir: “Beləliklə, arzu edən hər bir kəs istədiyi vaxt Misirin hər hansı bir kurortundakı vəziyyətə tamaşa edə biləcəkdir”.
İkinci mərəhələdə dünyanın ən böyük şəhərlərinin meydanlarında iri ekranların quraşdırılması nəzərdə tutulur. Burada kurort zonalarından və Təhrir meydanı kimi təhlükəli zonalardan süjetlər də transliyasiya ediləcəkdir. Nasir Həmdi qeyd etmişdir ki, kamera və ekranların quraşdırılması üzrə bütün xərcləri Misir tərəfi öz öhdəsinə götürür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə