Moskva vilayətində Ümumrusiya Azərbaycan Konqresinin yeni nümayəndəliyi açılmışdır
Moskva, 26 yanvar (AZƏRTAC). Moskva vilayətinin Kolomno şəhərində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yeni nümayəndəliyi açılmışdır.
Ümumrusiya Azərbaycan Konqresinin Rusiya regionlarında bölmələrinin sayı ilbəil artır. Daha bir yeni nümayəndəlik Moskva vilayətinin Kolomno şəhərində yaradılmışdır.
Bu münasibətlə ÜAK mərkəzi aparatı nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Kolomno Şəhər Administrasiyası rəhbərinin müavini Gennadi Linkeyevic ilə görüşmüşlər. Azərbaycan mədəniyyətinə, onun Müslüm Maqomayev, Səməd Vurğun, Zeynəb Xanlarova kimi görkəmli nümayəndələrinə böyük ehtiramla yanaşdığını vurğulayan G.Linkeyeviç görüşdə bildirmişdir ki, azərbaycanlılar şəhərin inkişafında yaxından iştirak edirlər. O demişdir: “Bura həm də onların vətənidir. Biz bu cür təşəbbüsləri alqışlayırıq”.
Görüşdə ÜAK nümayəndə heyətinin üzvləri təşkilatın Rusiya Federasiyasının 80-dən artıq regionunda nümayəndəliklərinin fəaliyyət göstərdiyini bildirmişlər. Qeyd olunmuşdur ki, ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin birgə təşəbbüsü sayəsində yaradılmışdır. Görüşün sonunda şəhər administrasiyasına Ümumrusiya Azərbaycan Konqresi adından ölkəmiz haqqında kitablar təqdim olunmuşdur.
Sonra tədbir Kolomno şəhər mədəniyyət mərkəzində davam etmişdir. Soydaşlarımız qarşısında çıxış edən yerli nümayəndəliyin sədri Elxan Qurbanov yeni yaradılan bölmənin məqsəd və məramlarından danışmışdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva