Murmansk vilayətində çıxan populyar nəşr öz səhifələrində həmvətənlərimiz haqqında məqalə dərc etmişdir
Bakı, 14 may (AZƏRTAC). “Murmanski vestnik” qəzetinin çapdan çıxmış növbəti nömrəsində Murmansk vilayətində yaşayan və sayı 25 min nəfərə çatmış azərbaycanlılardan bəhs olunur.
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Azərbaycan Gənclər Birliyi Murmansk vilayət bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, məsələn, nəşrin 2014-cü il 7 may nömrəsində maraqlı informasiya çoxdur.
“Rinqdə qəhrəmanlıq dərsləri” adlı məqalədə deyilir ki, qaynar nöqtələrdə həlak olmuş xüsusi bölmə döyüşçülərinin xatirəsinə Murmansk vilayətində on birinci dəfə tay boksu üzrə “Vımpel” turniri keçirilmişdir. Həmkarlar ittifaqlarının Mərkəzi stadionunun İdman sarayında rinq sahibləri ilə Polyarnı, Zaozersk, Kola, Severomorsk və Polyarnıye Zoridən olan gənc və yaşlı idmançılar yarışmışlar. Ümumiyyətlə, yarışlarda 130 idmançı iştirak etmişdir.
Komanda zaçotunda “Laplandiya” yaradıcılıq sarayının nümayəndələri birinci yeri, monçeqorsklılar - ikinci yeri, Murmanskdakı 7 nömrəli idman məktəbinin yetirmələri isə üçüncü yeri tutmuşlar.
Zaozerskdən olan idmançı Sergey Xoxlenko, monçeqorsklı Denis Polovkov və murmansklı Murad Əliyev qələbə əzminə görə, metallurqlar şəhərindən gəlmiş Ruslan Qumerov, habelə Zapolyarye diyarı paytaxtının nümayəndələri İqor Stolyarov və Maksim Ramazanov ən yaxşı texnikaya görə xüsusi mükafatlar almışlar. Şamil Hüseynov ən yaxşı referi adını qazanmışdır.
Daha sonra “Murmanski vestnik” gündəlik hökumət qəzeti yazır ki, turnirin yekunlarına görə fəxri kürsüyə qalxanlar, kubok və medal alanlar, daha çox fərqlənənlər sponsorlar tərəfindən planşetlər və elektron kitablarla mükafatlandırılmışlar. Onların arasında həmvətənlərimiz də olmuşdur.