Naxçıvanda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
Naxçıvan, 15 mart, AZƏRTAC
Babək Rayon Mədəniyyət İdarəsində görkəmli dramaturq, kinossenarist, rejissor, ictimai xadim Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayon Mədəniyyət İdarəsinin müdir əvəzi Yusif Səfərli Cəfər Cabbarlının milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirdiyini bildirib. Qeyd edilib ki, yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verən Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Bir əsrdir Azərbaycan tamaşaçısının estetik zövqünün formalaşmasında C.Cabbarlı pyeslərinin əvəzsiz rol oynadığını diqqətə çatdıran “Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyasının bu gün də Azərbaycan teatrlarının bəzəyi olduğunu vurğulayıb. Bildirilib ki, ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib, humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.