Neft sənayesi müəssisələri ekoloji normalara əməl etmədikləri üçün cərimələnmişlər
Bakı, 19 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2011-ci ilin ötən dövrü ərzində neft sənayesi müəssisələrində mütəmadi monitorinqlər aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə bəzi qanun pozuntuları müəyyən edilmişdir. Bununla əlaqədar ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparmışlar.
Araşdırma zamanı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yataqların platformalarından tullantı sularının dənizə axıdılması, həmçinin qazma şlamının düzgün utilizasiya edilməməsi üzə çıxmışdır. Bununla bağlı “BP” şirkətinə qarşı ötən ildə 593 min 948 manat, cari ilin ötən dövrü ərzində isə 46 min 583 manat məbləğində iddia qaldırılmışdır.
Eyni zamanda, “Bahar Enerji” Əməliyyat Şirkətinin fəaliyyət zonasında ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılmışdır. Karbohidrogen ehtiyatlarının mənimsənilməsində mövcud ətraf mühitin mühafizəsi və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərini pozduğuna görə şirkətə protokol tərtib olunmuş və inzibati qaydada hüququ şəxs qismində 10 min manat məbləğində cərimə edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə “məcburi göstəriş” verilmişdir.
Bundan başqa, “Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları”, “28 May” və “Abşeronneft” neft və qazçıxarma idarələrinin müəssisələrindən Xəzər dənizinə istehsalat sularının axıdılması və atmosferə zərərli maddələrin atılması məlum olmuşdur. Ətraf mühitə dəymiş ziyanla bağlı “Azneft” İB-yə 35 min 730 manat məbləğində ödəmə tətbiq edilmişdir.