“NEZAVİSİMAYA QAZETA” AZƏRBAYCANDA GENDER BƏRABƏRLİYİNDƏN YAZIR
AZƏRTAC xəbər verir ki, Moskvada çıxan “Nezavisimaya qazeta”nın 5 mart tarixli nömrəsində Söhbət Məmmədovun “Azərbaycan qadınları hüquq bərabərliyinə çalışırlar” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Müəllif yazır ki, Azərbaycan əhalisinin yarısından çoxunu qadınlar təşkil etsə də, onların ölkənin ictimai-siyasi həyatına cəlb olunması dərəcəsi çox da yaxşı deyildir. Amma bu, o demək deyil ki, Azərbaycan qadını təhsil almağa, siyasətlə məşğul olmağa və öz biznesini açmağa çalışmır. Azərbaycan qadınlarının 10-12 faizi siyasətlə məşğul olur, 56 faizi öz qüvvə və bacarığını iqtisadi sahədə uğurla tətbiq edir.
Məqalədə qeyd edilir ki, “ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun fəallaşması prosesinə xüsusi töhfə vermişdir. Moskvada, Seçenov adına Tibb Akademiyasında təhsil alan Mehriban xanım hazırda Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edir, hələ 1996-cı ildə “Azərbaycan-İrs” jurnalını təsis etmişdir, Azərbaycan Gimnastika Federasiyasının, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiridir. Azərbaycanda aparılmış sosioloji sorğunun nəticələrinə əsasən, “İlin qadını-2005” adını qazanmışdır”. Müəllif daha sonra xatırladır ki, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 120-ci sessiyasının qərarı ilə Azərbaycanın birinci xanımı, parlamentin deputatı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri DST-nin “Ana, uşaq və ailənin sağlamlığının mühafizəsində və möhkəmlənməsində müstəsna xidmətlərə görə” mükafatına layiq görülmüşdür.
Məqalədə deyilir ki, 2005-ci ilin parlament seçkilərində deputatlığa namizəd 250 qadından 15 nəfəri xalq elçisi mandatı almağa müvəffəq olmuşdur. Qəzet Milli Məclisin deputatı Elmira Axundovaya istinadla yazır ki, “bu gün Azərbaycan qadınları dövlətin fəaliyyətinin, əslində, bütün sahələrində təmsil edilmişlər. Lakin qərarların qəbulu səviyyəsində vəziyyət əvvəlkitək çox da yaxşı deyildir. Axundovanın sözlərinə görə, indi ölkə hökuməti həmin problemə ciddi yanaşır və bu sahədə vəziyyətin dəyişməsi üçün müəyyən iş görmüşdür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır və ona qadın - Hicran Hüseynova başçılıq edir. Bu problem yoxsulluğun azaldılmasına və davamlı inkişafa dair Dövlət Proqramında, habelə Azərbaycanda kişilər və qadınlar üçün bərabər hüquqlar və imkanlar haqqında qanunda da öz əksini tapmışdır.