Ölkə ərazisində müxtəlif metallar üzrə perspektivli sahələr və zonalar aşkarlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ötən ildə 58 zonada geoloji-kəşfiyyat işləri yerinə yetirilib. Axtarış işləri nəticəsində xammal ehtiyatını yüksək səviyyədə təmin edə biləcək qara, əlvan və nəcib metallar üzrə perspektivli sahələr və zonalar aşkarlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, hidrogeoloji, mühəndis-geoloji və geoekoloji işlər və yeraltı şirin suların axtarışı işləri davam etdirilib, ekzogen geoloji proseslərə məruz qalan sahələr tədqiq olunaraq onların inkişafı, gələcəkdə təhlükə yaranması haqqında əlaqədar təşkilatlar məlumatlandırılıb.
Seysmogeodinamik şəraitin mütəmadi olaraq tədqiqi və təhlili əsasında ölkə ərazisində baş verə biləcək geodinamik proseslərin intensivliyi, potensial seysmik risk zonalarının qiymətləndirilməsi barədə regional və lokal monitorinq şəbəkəsinin toplanmış məlumatları əsasında Azərbaycan Respublikası ərazisinin seysmogeodinamik şəraiti haqqında “Xüsusi bülletenlər” toplusu hazırlanıb.
Bununla yanaşı “Azərbaycan Respublikasının 1:500 000 miqyaslı təbii radioaktivlik xəritəsi” tərtib olunub, “Bakı şəhərinin cənub-şərq kəsiminin seysmik mikrorayonlaşdırılması xəritəsi”nin hazırlanması istiqamətində tədqiqatlar aparılıb.