OMBUDSMAN TƏSİSATINDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları Şuşanın işğalının ildönümü ilə əlaqədar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Ombudsman Elmira Süleymanova “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının təminatı” mövzusundakı məruzəsində Prezident Heydər Əliyevin ölkədə yaratdığı iqtisadi-siyasi sabitlik, insan hüquqlarının təmin olunması, vətəndaş cəmiyyəti qurulması istiqamətində atılan mühüm addımlar barədə danışmışdır.
Sonra Milli Məclisin deputatı Yaqub Mahmudovun “Dünya tarixinin azərbaycanlı lideri” mövzusunda məruzəsi dinlənilmişdir. O, Heydər Əliyevi dövlətçiliyimizin təminatçısı kimi səciyyələndirərək, cəmiyyəti sıx birləşdirmək, sabitlik yaratmaq qabiliyyətinin ümummilli liderimizə təkcə ölkəmizdə deyil, həm də bütün dünyada dərin ehtiram, yüksək nüfuz və məhəbbət qazandırdığını vurğulamışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan MEA-nın müxbir üzvü, professor Vaqif Abbasov və başqaları müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, bütün dünyada tanınması, xalqımızın rifahının yüksəlməsi, respublikamızda hüquqi dövlət quruculuğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslanması naminə səylərindən danışmışlar.
Tədbirdə ombudsman təsisatının Şəki, Quba və Cəlilabaddakı regional mərkəzinin nümayəndələri də iştirak etmişlər.