“Otelçilik fəaliyyətinin əsasları” kitabı nəşr olunmuşdur
Bakı, 20 aprel (AZƏRTAC). Turizm sahəsi üzrə müxtəlif ölkələr və otellər şəbəkəsində çalışan, həmçinin hazırda bu sahə üzrə mütəxəssis kimi Bakı Dövlət Universitetində (BDU) otelçilik fəaliyyətini tədris edən Cəmşid Zeynalov və BDU-nin xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, dosent Həbibə Soltanovanın həmmüəllifi olduqları “Otelçilik fəaliyyətinin əsasları” kitabı nəşr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, kitab turizm sektorunda ən mühüm hadisə olan otelçilik fəaliyyətinin əsaslarından bəhs edir. Hazırda turizm təhsili Azərbaycanda yeni inkişaf yoluna qədəm qoymuşdur. Bu baxımdan ölkəmizdə turizmin inkişafı üçün mütəxəssislərin hazırlanması, dünya otel sənayesinin təcrübəsinin öyrənilməsi əhəmiyyətli xarakter daşıyır.
Bu baxımdan 17 fəsildən ibarət olan kitab çox aktualdır. Nəşrdə termin və anlayışlar, əlavələr və izahatlar verilmişdir. Fəsillər otelçiliyin qısa tarixinin təsviri ilə başlayır. Bu fəsildə Dünya Ticarət Təşkilatının təsnifatına əsasən otellərin aid olduğu qruplar araşdırılır və hər biri haqqında ayrıca məlumat verilir. Fəsillərdə, həmçinin otellərin iş və ştata görə təsnifatı, mehmanxanalarda fəaliyyət göstərən şöbələrin vəzifə və funksiyaları, müştərilərlə ünsiyyət və onlara xidmət, eləcə də rezervasiya qaydaları, otellərdə təklif olunan menyuların təsnifatı və verilən tələblər, otellərin idarə olunma formaları barədə əsaslı bilgilər verilmişdir.
Bu, oteldaxili şöbələrin iş prinsipləri haqqında Azərbaycanda yazılmış ilk kitabdır. Müəlliflər kitabın hazırlanmasında otelçilik sahəsində öndə gedən qabaqcıl dünya ölkələrinin təcrübəsindən faydalanmışlar.
Kitab turizm və otelçilik ixtisasına yiyələnən bakalavriatlar, magistrantlar, doktorantlar, bu sahə üzrə peşə ixtisası alanlar, otel biznesi ilə maraqlananlar, otellərdə çalışan personal və başqaları üçün nəzərdə tutulmuşdur.