Paytaxt sakinləri qanunsuz ov edərkən saxlanılıblar
Bakı, 12 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə dekabrın 5-dən 11-dək ölkə ərazisində keçirilmiş reydlərin nəticələri açıqlanıb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu ərazisində, Bakı-Ələt yolunun 29-cu kilometrliyində qanunsuz ov edən Bakı şəhər sakinləri Vahid Əliyev və Elçin Əsədullayev saxlanılaraq onlardan 2 ov tüfəngi və 16 patron götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində akt və protokol tərtib edilərək qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
Şahdağ Milli Parkının ərazisində isə qanunsuz ov edən Quba rayonunun Xaltan kənd sakinləri Məhəmməd İsgəndərov və Heybətağa Mikayılov saxlanılıblar. Onlardan 2 ov tüfəngi və 8 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxslər barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat məbləğində cərimə edilib.
Sarısu Ovçuluq Təsərrüfatı ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Lənkəran rayonunun Türəkəran kənd sakini Ayaz Həsənovdan 1 ov tüfəngi, 5 patron və 3 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1015 manat məbləğində cərimə və iddia tətbiq edilib.