Pedaqoji Universitetin 100 illik yubileyi ilə bağlı onlayn görüş təşkil olunub
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubiley tədbirləri çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) onlayn görüş təşkil olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə BMU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov universitetin 100 illik tarixi inkişaf yolundan danışıb. Qeyd edib ki, müəllim hazırlığı sahəsində son illər universitetdə aparılan ardıcıl islahatlar təqdirəlayiqdir. Rektor ingilisdilli pedaqoji ixtisaslar sahəsində ADPU və BMU-nun geniş əməkdaşlıq imkanları olduğunu diqqətə çatdırıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov son dövrlərdə aparılan genişmiqyaslı işlər nəticəsində pedaqoji təhsilin ölkədə yenidən öz nüfuzunu bərpa etdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, artıq bakalavr səviyyəsində pedaqoji ixtisaslaşmaların hamısı üçün yeni tədris planları hazırlanaraq təsdiq edilib. Universitet növbəti ildən etibarən iki ixtisasda ingilis bölməsi üzrə, magistratura səviyyəsində isə MBA və “SABAH” üzrə kadr hazırlığına başlayır. Yaxınlarda universitetdə STEM laboratoriyasının qurulması planlaşdırılır. Universitetdə məzunların məşğulluq vəziyyətinin monitorinqinə başlanılıb. Müəllimlərin işə qəbulu imtahanlarında ADPU məzunlarının nəticələri son illərdə ilk yerləri tutur. Universitetdə keyfiyyət və kəmiyyət inkişafının paralel getdiyini bildirən rektor vurğulayıb ki, ali təhsil müəssisəsində elmi tədqiqatlar və beynəlxalq əlaqələr sürətlə inkişaf edir.
Daha sonra İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov ADPU-nun təşkili və fəaliyyətindəki əsas məqamları diqqətə çatdırıb.
BMU-nun kafedra müdiri Emin Ağayev isə Pedaqoji Universitetin Azərbaycan dilçilik elminin inkişafında oynadığı rol haqqında məruzə edib.