Polşa ekologiya sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır
Bakı, 24 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 24-də qurumun baş ofisində ekologiya üzrə vitse-prezident Soltan Əliyev Polşanın ətraf mühitin qorunması nazirinin müavini Yanuş Zaleskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə S.Əliyev ARDNŞ-in fəaliyyətindən danışaraq bildirmişdir ki, bu sahədə işlərə 5 il əvvəl start verilmişdir. Həyata keçirilən layihələr ARDNŞ-in ekoloji layihələrin idarəedilməsi şöbəsi, Ekologiya İdarəsi və “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən reallaşdırılır və hazırda şirkətin minə yaxın əməkdaşı ekoloji fəaliyyətə cəlb olunmuşdur. Qeyd edilmişdir ki, ətraf mühitin mühafizəsi işlərinin daha da genişləndirilməsi üçün müxtəlif ölkələrin ekoloqlarının görüşləri, təcrübə mübadiləsi aparmaları böyük əhəmiyyət kəsb edir.
Polşanın ətraf mühitin qorunması nazirinin müavini Yanuş Zaleski ölkəsinin ekologiya sahəsində tətbiq etdiyi texnologiyalar haqqında məlumat vermişdir. Sonra nazirliyin hazırladığı “GreenEvo” layihəsinin təqdimatı olmuşdur. Layihənin koordinatoru xanım Aqneşka Kozlovska bildirmişdir ki, “GreenEvo” layihəsi vasitəsilə Polşa təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Bu layihə Polşanın “yaşıl” texnologiyalar sektorunda fəaliyyət göstərən innovasiya şirkətlərinin işini ümumiləşdirir. Hazırda layihədə 13 şirkət iştirak edir.
Görüşün sonunda Soltan Əliyev Azərbaycan və ingilis dillərində nəfis tərtibatda çap edilmiş “Azərbaycan nefti” kitabını Yanuş Zaleskiyə təqdim etmişdir.