POSTSOVET LİDERİ KİMİ HEYDƏR ƏLİYEV NƏYƏ NAİL OLMUŞDUR
PREZİDENTİN İŞİ
POSTSOVET LİDERİ KİMİ HEYDƏR ƏLİYEV NƏYƏ NAİL OLMUŞDUR
PREZİDENTİN İŞİ
Heydər Əliyevin hakimiyyətə təkrar qayıdışına və keyfiyyətcə yeni tarixi şəraitdə sürətli siyasi intibahına hansı obyektiv və subyektiv halların təkan verdiyi barədə çox mübahisə etmək olar. Lakin indi, aradan on il keçdikdən sonra bir məsələ aşkardır: 1993-cü ilin həmin dəhşətli iyun günlərində Azərbaycan cəmiyyəti elə bir həddə çatmışdı ki, ölkənin real surətdə dağılmaq təhlükəsi var idi. Bəs, nə üçün bir siyasətçi və rəhbər kimi Heydər Əliyevə yenidən ehtiyac oldu?
Elmira Axundova,
yazıçı-publisist
Qayıdış
Hər il iyunun 15-i respublikada Qurtuluş günü kimi qeyd edilir. Lakin 10 il əvvəl, həqiqətən, nələr baş verdiyi barədə çox az adam düşünür. Azərbaycan müxalifətinin nümayəndələri 10 il əvvəlki hadisələri, eləcə də Heydər Əliyevin hakimiyyətə necə və hansı şəraitdə qayıtdığını, ümumiyyətlə, nadir hallarda xatırlamağa çalışırlar. Çox təəssüf. Çünki cəmiyyətin daha sağlam düşüncəli qisminin fikrincə, Əliyevin Bakıya qayıtmasını təkid etməklə, ölkənin çox kəskin siyasi böhrandan çıxarılması üçün ona səlahiyyətlər verməklə, Elçibəy öz həyatında ən müdrik və uzaqgörən addımlarından birini atmışdır. O, tarixçi idi və hakimiyyətin sükanını güclü və təcrübəli siyasətçiyə - özü də, ümummilli fəlakətin qarşısını almağa qadir olan yeganə siyasətçiyə bacardıqca tez bir vaxtda verməsə, Azərbaycanı nə kimi saysız-hesabsız müsibətlər gözlədiyini gözəl başa düşürdü. Bunu Elçibəyin yan-yörəsindəkilərin də çoxu, ürəklərincə olmasa da, dərk edirdi. Milli Məclisin 1993-cü ilin iyununda keçirilmiş iclaslarının arxiv materialları buna çox gözəl sübutdur.
Həmin iclaslarda indiki müxalifətin liderlərinin əksəriyyəti Heydər Əliyevə az qala yalvarırdı ki, gəlib respublika Ali Sovetinin sədri vəzifəsini tutsun.
O, qərarını uzun götür-qoydan sonra qəbul etdi, çünki öz üzərinə necə ağır, adi bəndənin gücü çata bilməz yük götürməli olacağını gözəl başa düşürdü.
Zəruri tarixi məlumatlar
1982-ci ildə Heydər Əliyev o vaxtkı Sov.İKP MK-nın Baş katibi Andropovun dəvəti ilə Azərbaycanı tərk edərək, Moskvaya işləməyə getməli oldu. O, böyük sənaye və kənd təsərrüfatı potensialı olan möhkəm, sabit surətdə inkişaf edən respublikanı qoyub getdi. Bunu demək kifayətdir ki, onun rəhbərlik etdiyi illərdə Azərbaycan SSRİ-də dotasiya almayan yeganə respublika idi. Üstəlik, respublikamız ittifaq büdcəsinə sonra ona mərkəzləşdirilmiş qaydada qaytarıldığından daha çox vəsait verirdi.
Beş il o, kənarda da olsa, respublikada baş verən prosesləri nəzərdən qaçırmamağa çalışdı. Hərçənd, narahatlıqla hiss edirdi ki, kənardan süni surətdə qızışdırılan etnik separatçılıq böyük ölkənin müxtəlif regionlarında, o cümlədən də Dağlıq Qarabağda özünü getdikcə daha aşkar büruzə verir. Onun vaxtında erməni millətçiləri baş qaldırmağa cəsarət etmirdilər. Bilirdilər: “sahib” heç bir “millətçilik hoqqalarına” yol verməyəcəkdir. Elçibəy kimi, o da təhsilcə peşəkar tarixçi idi, bundan başqa, uluları əslən XX əsrin əvvəllərində bolşevik Ermənistanının ilhaq etdiyi və dəfələrlə amansız etnik təmizləmələrə məruz qalmış Qərbi Azərbaycandan idilər. Odur ki, iki xalqın qarşılıqlı münasibətlərinin tarixindəki faciəli səhifələrdən hali olmaq və möhkəm genetik yaddaş radikal millətçiliyin nə kimi saysız-hesabsız müsibətlər gətirə biləcəyini unutmağa ona imkan vermirdi.
Millətlərarası problemlərin həllinə müxtəlif mövqelərdən yanaşma zəminində Heydər Əliyev ilə Mixail Qorbaçov tez-tez üz-göz olurdular. Yeni baş katibin müsəlman əhalinin əksəriyyət təşkil etdiyi respublikalara və regionlara açıq-aşkar kəc baxırdı. Onların hamısını ucdantutma millətçilikdə təqsirləndirirdi. Məsələn, 1986-cı ilin dekabrında, Alma-Ata hadisələri ərəfəsində Əliyev Qorbaçovu başa salmağa çalışırdı ki, respublikaya yeni partiya rəhbəri təyin olunması məsələsini ağına-bozuna baxmadan həll etmək olmaz. O deyirdi, yaxşı, sizə elə gəlir ki, Kunayev qocalıb, vəzifəsində həddindən çox qalıb, daha rəhbərlik edə bilmir. Gəlin, fikirləşək, görək, onu yerlilərdən kiminlə əvəz etmək olar. Yerlilərdən! Respublikanın rəhbərliyini heç bir vəchlə zorla ruslaşdırmaq olmaz. Qorbaçov isə kor tutduğunu buraxmayan kimi elə hey deyirdi: “qazax millətçiliyi”, “qazax millətçiliyi”. Sonra da götürüb öz dostunu, Şimali Qafqazda birlikdə işlədiyi Kolbini Alma-Ataya göndərdi. Qorbaçov xalqın əhval-ruhiyyəsini başa düşməkdənsə, bilərəkdən bunun ziddinə getdi.
Halbuki Abxaziyada və Dağlıq Qarabağda tüğyan edən millətçilik və separatçılıq ehtiraslarına Qorbaçov açıqca rəğbətlə yanaşır və ya bunun nə demək olduğunu anlamırdı. Əliyev “erməni ictimaiyyətinin nümayəndələri”nin baş katibin kabinetinə necə ayaq açdıqlarını yaxşı görürdü. Onlar buna Qorbaçovun sevimli köməkçisi, Əliyevin qatı düşməni olan Georgi Şahnazarovun himayəsi və havadarlığı ilə nail olmuşdular.
Qorbaçovun köməkçisi Çernyayevin gündəlikləri çox-çox sonralar, 90-cı ilin axırlarında Moskvada nəşr olunacaq və bu kitabda Əliyev özünün çoxdankı şübhələrini təsdiqləyən bir epizodu oxuyacaqdır. 1988-ci il idi, Dağlıq Qarabağ hadisələri yenicə qızışmağa başlayırdı. Şahnazarov Qorbaçovun yanına gəlir. Həmin gün baş katibin köməkçisinin 64 yaşı tamam olmuşdu. Baş katib onu bağrına basıb, üz-gözündən öpdü, sonra da Azərbaycanda və Ermənistanda vəziyyət barədə suallar yağdırdı. “Bəs Əliyev necədir? Əliyev nə deyir?..” Sual o mənada verilmişdi ki, Əliyev Zaqafqaziyada baş verən hadisələrin inkişafına təsir göstərə bilərmi. Şahnazarov havadarını arxayın etdi və Qorbaçova dedi: “Qazırıq. Deyəsən, Rəşidovun işindən də yaxşı olur”.
Bundan bir qədər əvvəl, 1987-ci il oktyabrın 21-də Sov.İKP MK plenumu Heydər Əliyevin istefa haqqında xahişini yerinə yetirdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavinini, Siyasi Büronun üzvünü, Sovet İttifaqının ən fəal və enerjili rəhbərlərindən birini pensiyaya getməyə vadar etdilər.
Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması Dağlıq Qarabağın ilhaqı kampaniyasının başlanması ilə bilavasitə bağlı idi və bu kampaniyaya bir növ start verdi. Bunu o da sübut edir ki, Əliyevin istefasından təxminən 20 gün sonra akademik Aqanbeqyan Parisin “Humanite” qəzetinə müsahibə verərək bildirmişdi ki, Qarabağ Ermənistana birləşdirilməlidir və bu məsələ Qorbaçovla razılaşdırılmışdır (!). Bununla eyni vaxtda kütləvi informasiya vasitələrində Əliyevə qarşı vüsəti və riyakarlığı baxımından misli görünməmiş kampaniya başladı. Təkcə onun özünə deyil, bütün ailə üzvlərinə də böhtanlar yağdırılırdı. Üstəlik, “aşkarlığın ataları” Əliyevin bütün bu qarayaxmalara cavab vermək hüququnu rədd edirdilər. İftiralarla dolu növbəti məqaləyə təkzibinin dərc olunması tələbi ilə o, daha haralara və kimlərə müraciət etmirdi. Amma bütün bu bir nəticə vermirdi, onun yolunu hər tərəfdən kəsmişdilər.
Bütün bunlar Qarabağ münaqişəsini törədənlərin ən pünhan arzularına uyğun idi. Axı, indi Ermənistanın Azərbaycana ərazi iddiallarını guya Heydər Əliyevin icazəsi və dəstəyi ilə zülmə və hər cür məhrumiyyətlərə məruz qalmış “Dağlıq Qarabağın başı müsibətlər çəkən əhalisi” barədə uydurma ilə pərdələmək olardı. Bundan sonra respublikada nə baş verirdisə, hamısını Əliyevin adı ilə bağlayırdılar. Bakıda izdihamlı mitinqlər başlandıqda mətbuatda xəbərlər verilirdi ki, onları Heydər Əliyevin tərəfdarları təşkil edirlər. Xalq Kremlin əlaltısı olan Vəzirovun istefasını tələb etdikdə, Moskvanın hakim dairələri öz hiddətini gizlətmir və deyirdilər ki, bu da Əliyevin əməlidir. 1990-cı ilin yanvarında güc nazirliklərinin başçıları Bakıya qoşun yeridilməsi üçün Kremlin qəti qərar qəbul etməsinə nail olanda baş katib bütün bu hadisələrə görə yenə də Əliyevi təqsirləndirdi.
Əliyevin qayıtmasını xalq xahiş etmişdi
Qanlı “qara” yanvardan sonra onun doğma torpağa qayıtmasının əzablı-məşəqqətli yolları başlandı. İttifaq əhəmiyyətli pensiyaçının Azərbaycana köçmək barədə qəribə arzuda olduğunu eşitdikdə Moskvada da, Bakıda da dəhşətli dərəcədə heyrətləndilər. Əvvəlcə heyrətləndilər, sonra isə canlarına əməlli-başlı vəlvələ düşdü. Odur ki, dilə tutmağa başladılar, bir şey çıxmadığını gördükdə isə, onların sözünə qulaq asmasa, haqqında toplanmış “dosye”ni işə salacaqları barədə hədə-qorxulara keçdilər. Eyni zamanda, Bakıda müvafiq orqanlar Əliyevin respublikaya qayıtmasını hazırlayan adamları “yola gətirirdilər”. Tanınmış naşir Əjdər Xanbabayevin qətlə yetirilməsi başlanmış azğınlığın ən yüksək nöqtəsi oldu. Heydər Əliyev ona hədsiz dərəcədə etibar edirdi və bu adam onun qayıtmasının ən qızğın və ardıcıl tərəfdarlarından biri idi.
Bu qətldən bir neçə ay sonra o, bütün hədələrdən və xəbərdarlıqlardan qorxmayaraq, hər halda, Bakıya qayıtdı və onun ətrafında əsl həngamə başlandı. Yenə də qəzetlərdə sifarişli məqalələr verilirdi, Ali Sovetin sessiyasında “yuxarılar”da qabaqcadan planlaşdırılmış və bəyənilmiş təhqiramiz çıxışlar edilirdi. Doğma Naxçıvanından deputat seçilən Əliyev parlamentin elə ilk sessiyasında DQMV problemi və onun həlli yolları barədə çox ciddi çıxış etdi, amma bu çıxış ədavətlə qarşılandı. Mütəlibov onu qəbul edərkən Əliyev öz bilik və təcrübəsini təklif etdi. Lakin ona hiss etdirdilər ki, məsləhətlərinə ehtiyacları yoxdur.
Amma hər halda, öz əleyhdarlarının ümidlərinə rəğmən, Əliyev respublikadan getmədi, doğma Naxçıvanına qayıtdı. Burada o, gözlənilməz gediş edərək, Sov.İKP sıralarından çıxdığını bəyan etdi. Bununla da Azərbaycan KP MK-nın nəzarət-təftiş komissiyasının kommunist Heydər Əliyev barəsində qaldırdığı iş bütün mənasını itirdi.
Artıq 1991-ci ilin sentyabrında o, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə başçılıq edirdi. O illər Ermənistan tərəfindən ağır iqtisadi blokadada olan Naxçıvan ölüm-dirim mübarizəsi aparırdı. Bundan başqa, erməni silahlı birləşmələri tərəfindən Muxtar Respublikanın işğal olunması real təhlükəyə çevrilmişdi. Heydər Əliyev vəziyyəti heç olmasa bir qədər düzəltmək, həmyerlilərini aclıq və soyuqdan xilas etmək üçün özünün təşkilatçılıq və diplomatik qüdrətinin bütün gücünü göstərməli oldu. O, İran və Türkiyə ilə sıx əlaqələr qurdu və qonşular Naxçıvana elektrik enerjisi və ərzaq sarıdan yardım göstərməyə başladılar; o, blokada şəraitində olan Naxçıvana humanitar yardım edilməsi üçün Qərb dövlətlərinin nümayəndələri ilə uğurlu danışıqlar apardı. Naxçıvan-Ermənistan sərhədində vəziyyət kəskinləşdikdə və erməni qoşun birləşmələri Muxtar Respublikaya soxulduqda, Əliyev bütün sivilizasiyalı dünyaya səs saldı. Eyni zamanda, prezident Ter-Petrosyanla birbaşa danışıqlar apardı, atəşin dayandırılmasına nail oldu və nəticədə Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qoruyub saxladı.
Yenə bir qədər tarixdən
Azərbaycan paytaxtında isə hakimiyyət uğrunda şiddətli mübarizə gedirdi. Qarabağ hadisələrinin dalğası Ayaz Mütəllibovu süpürüb atdı, Elçibəy başda olmaqla milli demokratik qüvvələr də elə bu dalğanın üstündə, tankların və cəbhədən geri çağırılan könüllülərin köməyi ilə, Şuşa və Laçının düşmənə təhvil verilməsi bahasına hakimiyyətə gəldilər. Gələn kimi də sosial-iqtisadi və hərbi problemlərin girdabına düşdülər. Naşı “komissarlar”ın rəhbərlik etdikləri ölkə sürətlə uçuruma doğru yuvarlanırdı. Zəif və iradəsiz prezident bir-birinə düşmən kəsilən və onun komandasının bu və ya digər üzvünə tabe olan silahlı qruplaşmaların ölkədə necə baş alıb getdiklərini laqeydliklə müşahidə edirdi. Avtomatlı saqqallılar cəbhədə vuruşmaq əvəzinə, paytaxtın küçələrində “lokal döyüşlər” aparırdılar. Xalq cəbhəsi liderlərinin vəd etdikləri demokratiya ölkənin sıravi vətəndaşları üçün yaraqlıların hərki-hərkiliyinə, özbaşınalığa, uşaqların həyatı sarıdan qorxuya, ucu-bucağı görünməyən çörək növbələrinə çevrildi.
Respublikanın şimalında və cənubunda separatçılıq hərəkatları baş qaldırdı. Ermənilər Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonlarını işğal etməyə başladılar. Bütün bunlara əlavə olaraq, Azərbaycan milli demokratiyasının liderləri, yaxın qonşular - Rusiya və İran bir yana qalsın, əksər MDB respublikalarının rəhbərliyi ilə də münasibətləri korladılar və təklənmiş vəziyyətdə qaldılar. O vaxt Qərb və ABŞ üçün Azərbaycan hələ strateji mənafelər zonası deyildi, buna görə də orada baş verənlərə fəal müdaxilə etmək onlara əl vermirdi.
Bu cür vəziyyət daha bir neçə ay da davam etsəydi, respublika uzun illər ərzində vətəndaş müharibəsi girdabında çabalayacaqdı, suveren Ləzgistan və muxtar Talış-Muğan Respublikası xülyası gerçəkləşəcəkdi, Azərbaycanın müstəqilliyi isə coğrafi cəhətdən Bakı və Abşeron kəndlərindən ibarət olacaqdı.
Böhranın öhdəsindən gələ bilmədiklərinə görə ümidsizliyə qapılan, qiyamçı Surət Hüseynovun dəstələrinin Bakıya sürətlə yaxınlaşmasından əməlli-başlı qorxuya düşən bu liderlər indi Heydər Əliyevə yalvarmağa başladılar ki, respublikaya rəhbərlik etsin.
O, Respublikanı hansı vəziyyətdə qəbul etdi
Heydər Əliyev 10 il əvvəl onlara çiçəklənən Azərbaycan qoyub getmişdi. Bu gün isə ona qana boyanmış, qaçqınlar və cinayətkar quldur dəstələri ilə dolu olan, icra hakimiyyəti başdan ayağa tamamilə dağılmış, iqtisadi tənəzzülə məruz qalmış, siyasi cəhətdən qeyri-sabit bir respublikanı təhvil verirdilər. Buna baxmayaraq, bəziləri özlərini elə aparır ki, sanki ona minnət qoyurlar. Deputatlardan biri isə əl-qol ataraq onlara hansısa zəmanət verilməsini təkidlə tələb edir:
-Sizin Ali Sovetin sədri olmağınz vəziyyətdən çıxmaq üçün bizə - bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma, bütünlükdə Azərbaycan xalqına təminat verə bilərmi?
Vəziyyətin bütün dramatikliyinə baxmayaraq, Əliyevin dodaqlarında istehzalı təbəssüm göründü: “Buna bax, indi haray çəkmək lazımdır, o isə öz təhlükəsizliyi barədə düşünür. Hərçənd onları da başa düşmək olar: Surət Hüseynov onları Bakının mərkəzi meydanında dar ağacından asmaqla hədələyir. Görünür, bu hədə-qorxu onları yaman qorxutmuşdur!”.
Əliyevin cavabı sərt və yığcam idi:
Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Əgər siz mənə etimad göstərsəniz, bu ağır vəziyyətdən çıxış yolu tapmaq üçün Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram.
Sülh və dialoq strategiyası
Qarabağ cəbhəsində ağır itkilərə baxmayaraq, Heydər Əliyev respublikaya rəhbərliyinin elə ilk ilində bir sıra taleyüklü problemləri həll etməyə nail oldu. Əvvəlla, bütün respublikada mərkəzləşdirilmiş hakimiyyət sistemi bərpa olundu, bölgələrdə “balaca padşahların” hakimiyyətinə son qoyuldu. Ölkənin cənubunda və şimalında separatçılar tərksilah edildi, onların qondarma “Talış-Muğan Respublikası”nın “prezidenti” kimi liderləri isə həbs olundular.
İkincisi, “cəbhəçilər” tərəfindən yaradılmış saysız-hesabsız könüllü dəstələr qətiyyətlə ləğv olundu. Vahid komandanlığa tabe olmayan və əsasən iqtidara müxalif əhval-ruhiyyəli yarımcinayətkar ünsürlərdən ibarət olan bu dəstələr cəbhədə hökm sürən hərc-mərcliyi daha da dərinləşdirirdi. Eyni zamanda, orduda əsaslı islahatlar keçirilməsinə başlandı və milli silahlı qüvvələrin yaradılmasının əsası qoyuldu. Bu siyasət tezliklə öz bəhrəsini verdi. Artıq 1994-cü ilin əvvəllərində Azərbaycan ordusu neçə aylar ərzində ilk dəfə olaraq əks-hücuma keçdi, Fizuli, Ağdam, Kəlbəcər rayonlarının bir hissəsini, eləcə də Azərbaycan-İran sərhədinin 40 kilometrlik sahəsini öz nəzarəti altına qaytarmağa nail oldu. Azərbaycan rəhbrəliyinin işğal edilmiş əraziləri qaytarmaq əzmində olması erməniləri ayıltdı. 1994-cü ilin mayında Bişkekdə barışıq haqqında protokol imzalandı.
Tərəfdaşlıq və əməkdaşlıq strategiyası
Heydər Əliyev əldə edilmiş fasilədən ölkədə əsaslı iqtisadi islahatlar aparmaq, xarici sərmayələri cəlb etmək, maliyyə sahəsini sabitləşdirmək üçün, ən başlıcası isə, Azərbaycanın sivilizasiyalı beynəlxalq birliyə siyasi-iqtisadi inteqrasiyası prosesini həyata keçirmək üçün istifadə etdi. Yaddan çıxarmaq olmaz ki, xaricdəki güclü diasporuna arxalanan Ermənistandan, eləcə də Berlin divarını “dağıdanlardan” biri kimi Qərbdə sevilən Eduard Şevardnadzenin başçılıq etdiyi xristian Gürcüstanından fərqli olaraq, Azərbaycan Avropa ilə yaxınlaşmağa sıfırdan və qismən də, hətta, mənfi bazadan başlamışdır. Dünyada Azərbaycanı siyasi cəhətdən qeyri-sabit dövlət, əhalisi, əsasən, müsəlmanlardan ibarət olan, hakimiyyətin tez-tez dövlət çevrilişləri ilə dəyişdiyi “banan” respublikası kimi, ən başlıcası isə, ərazisində Dağlıq Qarabağla bağlı uzun çəkən münaqişənin mövcud olduğu bir ölkə kimi qəbul edirdilər.
Azərbaycana və ümumiyyətlə, bütün Cənubi Qafqaz regionuna maraq oyada biləcək güclü bir stimul lazım idi. Keyfiyyətcə yeni strategiya, sıçrayış strategiyası lazım idi. Bu isə həddindən artıq çətin, demək olar ki, həlledilməz məsələ idi. Lakin Heydər Əliyev üçün yox.
1994-cü il sentyabrın 20-də Azərbaycan paytaxtında ilk neft müqaviləsi imzalandı və ölkənin neft sahəsinə fəal surətdə xarici sərmayələr cəlb etmək xətti götürüldü. Bu müqavilənin Azərbaycan üçün, ümumiyyətlə, bütün Cənubi Qafqaz üçün böyük siyasi əhəmiyyəti var idi və gələcək üçün mühüm iqtisadi nəticələr vəd edirdt. Bu hadisə bütün Xəzəryanı regionda coğrafi-siyasi vəziyyəti kökündən dəyişdi, beynəlxalq aləmdə Azərbaycanın öz təbii ehtiyatlarından müstəqil surətdə istifadə etməyə qadir olan, həqiqətən, müstəqil dövlət kimi tanınmasına kömək etdi. Neft sahəsinə külli miqdarda sərmayə axını bütün iqtisadiyyatın inkişafı üçün, qeyri-neft sahələrinin canlanması, yerli sahibkarların yaranması üçün, ölkədə çoxsaylı orta təbəqənin meydana gəlməsi üçün güclü təkan oldu.
Kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bu gün Xəzər nefti böyük siyasət amili olmuşdur. Təsadüfi deyildir ki, Azərbaycanın enerji ehtiyatlarının işlənilməsinə dair neft müqavilələrinin, demək olar, hamısı dünyanın aparıcı dövlətlərinin prezidentlərinin və hökumət başçılarının - Süleyman Dəmirəlin, Jak Şirakın, Toni Bleyerin, Bill Klintonun iştirakı ilə imzalanmışdır. Müqavilələrin imzalanma mərasilmlərinin keçirildiyi yerlər də qeyi-adi olmuşdur: Yelisey sarayı, Kreml, Ağ ev, ABŞ Konqresi.
“Əsrin müqaviləsi” imzalandıqdan bir neçə il sonra siyasətçilərin və biznesmenlərin leksikonuna başqa bir ifadə daxil oldu: “İpək Yolu”. XXI əsrin əvvəlində daha bir ifadə həyata vəsiqə aldı: “Şərq-Qərb enerji dəhlizi”. Bütün bu anlayışlar postsovet məkanında baş vermiş, həqiqətən, tarixi dəyişiklikləri əks etdirir. Bunlar İpək Yolu üzərində yerləşən ölkələrin regional əməkdaşlığında yeni səhifə açmışdır, Mərkəzi Asiya və Cənubi Qafqazın Qərblə iqtisadi inteqrasiyasına, son nəticədə isə yeni müstəqil dövlətlərdə iqtisadi dirçəlişə, sülhün və sabitliyin möhkəmlənməsinə nail olmağa kömək etməlidir. Bütün bu çox böyük hadisələrin əsas “günahkarlarından” və təşəbbüskarlarından biri, sözsüz ki, Heydər Əliyevdir.
Yenə də tarixə müraciət edək
1993-cü il sentyabrın 20-də Azərbaycan Milli Məclisi Müstəqil Dövlətlər Birliyinə qoşulmaq barədə qərar qəbul etdi. Azərbaycan müxalifəti dərhal bunu səhv və suveren Azərbaycanın milli mənafelərinə zidd olan bir addım kimi qiymətləndirdi. Həmin vaxtadək Elçibəy başda olmaqla, Azərbaycan milli demokratiyasının liderləri MDB respublikalarının əksəriyyətinin rəhbərliyi ilə münasibətiləri korlamağa macal tapmışdılar. İş o yerə gəlib çatmışdı ki, Azərbaycanın kütləvi informasiya vasitələrində başlanmış yaramaz antikərimov kampaniyasından və Xalq Cəbhəsinin liderləri tərəfindən ünvanına deyilən xoşagəlməz ifadələrdən inciyən Özbəkstan Prezidenti Daşkənd ilə Bakı arasında təyyarə reyslərini ləğv etmişdi və Azərbaycanla diplomatik münasibətləri kəsmək barədə ciddi surətdə fikirləşməyə başlamışdı. Elçibəy komandasının yeni müstəqil dövlətlərin, o cümlədən Rusiyanın rəhbərləri ilə münasibətləri də “soyuq” müharibə həddinə gəlib çatmışdı.
Heydər Əliyev isə əmin idi ki, blokların və alyansların çoxvariantlığına, bərabərhüquqlu dialoqa və dünyanın ən müxtəlif dövlətləri ilə yaxınlaşmağa meyllilik Müstəqil Dövlətlər Birliyinə daxil olmağın tarixi nöqteyi-nəzərdən zəruriliyini və siyasi baxımdan məqsədəuyğunluğunu irəlicədən müəyyənləşdirir. Axı, Azərbaycanı onlarla nəinki tarixi keçmişi, həm də tamamilə real bu günü - enerji əlaqələri, sənaye və kənd təsərrüfatının texnoloji cəhətdən eyniliyi, nəqliyyat infrastrukturu və nəhayət, vahid ümumi istehlak bazarı bağlayır.
Prezident əmin idi ki, bu dövlətlərlə iqtisadi inteqrasiya Azərbaycanın qarşısında ən geniş imkanlar açır, MDB çərçivəsində əlaqələndirmə və konstruktiv qarşılıqlı fəaliyyət isə bu prosesi xeyli asanlaşdıra və sürətləndirə bilər. Zaman on il bundan əvvəl qəbul edilmiş qərarın şəksiz doğruluğunu və uzaqgörənliyini sübut etdi.
Siyasi cəhətdən keçmiş SSRİ-nin digər dövlətlərindən təcrid olunmamaq üçün MDB-yə daxil olmaq barədə qərar qəbul etməklə yanaşı, Heydər Əliyev həm də əlindən gələni etdi ki, Azərbaycanın bu qurumda olması onun suverenliyinə zərrə qədər də ziyan vurmasın.
Eyni zamanda, MDB-nin tərkibində olması respublikaya digər postsovet dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələri qaydaya salmağa, onlardan bəziləri ilə, məsələn, Gürcüstan və Ukrayna kimi dövlətlərlə bərabərhüquqlu əməkdaşlığın əvvəlcə müqavilə-hüquqi, sonra isə iqtisadi bazasını yaratmağa, strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələsinə çıxmağa imkan verdi.
Azərbaycan Prezidenti “qərbə” üz tutaraq, “şimal” qonşusunu da, bir dəqiqə də olsun, yaddan çıxarmırdı. Elçibəyin demarşlarından fərqli olaraq, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərini yavaş-yavaş qaydaya salmağa başladı. Respublika vətəndaşlarının əksəriyyətinin fikrincə, bu, çox uzaqgörən siyasət idi. Çünki belə ölçülüb-biçilmiş siyasət yüz minlərlə həmyerlimizə Rusiya Federasiyası kimi nəhəng bir dövlətdə əmək bazarını və böyük satış bazarını qoruyub saxlamağa imkan verdi.
Rusiya ilə vizasız rejim isə Azərbaycan vətəndaşları ilə rusiyalılar arasında təkcə iqtisadi əlaqələrin deyil, həm də mənəvi-mədəni, qohumluq, ailə əlaqələrinin qorunub saxlanmasına kömək etdi. Respublikamızda hər iki ailədən biri olmasa da, hər üç ailədən birini Rusiya ilə sıx dostluq və ailə münasibətləri bağladığını xatırlatmağa ehtiyac yoxdur.
Əliyev Rusiya və onun liderləri ilə qarşılıqlı münasibətlərdə tez-tez sağlam praqmatizm nümayiş etdirir. Götürək, elə Xəzər dənizinin statusu problemini. Bu problem uzun müddət idi ki, öz həllini tapmırdı. Nəhayət, 2002-ci ildə Bakı və Moskva hər iki tərəf üçün məqbul olan qərar tapdılar və bunu dövlətlərarası müqavilə ilə təsbit etdilər.
Heydər Əliyevin ölkə daxilindəki opponentlərindən bəziləri Rusiyaya münasibətdə tarazlaşdırılmış siyasəti güzəşt siyasəti adlandırır və Azərbaycan Prezidentindən özünün xarici siyasətinin istiqamətlərini daha aydın müəyyənləşdirməyi tələb edirlər. Məsələ qəti şəkildə qoyulur: ya Rusiya, ya da Qərb. Lakin Azərbaycanın siyasət elitasının daha praqmatik hissəsi belə fikirdədir ki, Heydər Əliyev xarici əlaqələrin inkişafı üçün daha optimal variant seçmişdir, çünki istər kiçik Azərbaycan olsun, istərsə də böyük Rusiya, xarici siyasətin üstün istiqamətlərinin müəyyənləşdirilməsində “ya” bölüşdürmə bağlayıcısı işlətməyin dövrü keçmişdir. İndi onu birləşdirici “və” bağlayıcısı ilə əvəz etmək vaxtıdır.
Qarabağ dərdi
Azərbaycan üçün ən mürəkkəb və ağrılı problemlərdən biri yenə də Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi problemidir. Azərbaycan müxalifətinin nümayəndələri üçün bu problem Heydər Əliyevə qarşı siyasi mübarizədə əsas vasitədir. Halbuki, müxalifət liderlərinin əksəriyyəti 1990-1993-cü illərdə respublikada mövcud olan siyasi və hərbi hərc-mərcliyə görə bilavasitə və yaxud dolayısı ilə məsuliyyət daşıyır. Həmin hərc-mərclik nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdir. Doğrudur, onların çoxu tamamilə aydın olan səbəblərə görə öz tərcümeyi-hallarının bu xoşagəlməz tərəfi barədə susmağa üstünlük verirlər.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinin ötən illərdə keçdiyi çox çətin yolun təfərrüatlarına varmayacağıq. Problemə digər rakursdan baxmağa və əsas suala cavab verməyə çalışaq: respublikanın indiki rəhbərliyi bu mürəkkəb vəziyyətdə nə edə bilmişdir? Xarici siyasətçilərdən kiminsə dediyi “Ermənistan döyüşlərdə qalib gəldi, qalan bütün cəbhələrdə isə Azərbaycana məğlub oldu” fikri real vəziyyətə nə dərəcədə uyğundur?
Sözardı əvəzinə
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etməyə başlayanda 70 yaşı var idi. 10 il bundan əvvəl təyyarənin pilləkənindən tamamilə sağlam, möhkəm bir kişi düşürdü, hətta bədxahları da ona yetmiş yaş vermirdilər. Mən tam əminəm ki, genetik xüsusiyyətləri ilə fərqlənən və asketik-sağlam həyat tərzi sürmüş Heydər Əliyevin bu gün də, 10 il keçəndən sonra da sağlamlığı ilə bağlı heç bir problemi olmazdı. Lakin ümumdövlət miqyaslı problemləri həll etmək üçün tarixin ona ayırdığı vaxtdan maksimum dolğun istifadə etməyə cəhd göstərərək üzərinə götürdüyü çox böyük, insanın tab gətirə bilməyəcəyi dərəcədə ağır yük onun orqanizmini əldən saldı. Mən təxminən on ildir ki, xarici səfərlərdə prezidentin fəaliyyətini müşahidə edirəm və onun heyrətamiz iş qabiliyyətini görəndə bəzən özümü itirirdim. O, yaşını əsla nəzərə almır. İş, iş və yenə də iş! Təki son nəticədə sevimli Azərbaycanın rifahına gətirib çıxaracaq mümkün qədər daha çox əlaqələr və danışıqlar, mümkün qədər daha çox imzalanmış müqavilələr və sazişlər olsun.
Allah şahiddir ki, o, ötən on il ərzində öz həmvətənləri üçün nə qədər çox iş görmüşdür. Bu gün biz keyfiyyətcə tam başqa ölkədə - dövlət təsisatları inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənən, dünyada tanınmış neft sektoru olan, müdafiə qabiliyyətli orduya malik bir ölkədə yaşayırıq.
... Söhbətlərimizin birində Heydər Əliyevin mənə dediyi iki cümləni tez-tez xatırlayıram: “Mənə görə narahat olma. Məni Allah qoruyur, cünki bilir ki, mən hələ öz xalqıma lazımam”.
BELƏLİKLƏ, AZƏRBAYCAN PREZİDENTİ NƏYƏ
NAİL OLMUŞDUR?
1. Qan tökülməsini dayandırmağa, minlərlə həmvətəninin həyatını qoruyub saxlamağa.
2. Humanitar fəlakətin qarşısını almağa, dünya ictimaiyyətinin diqqətini Ermənistandan və Azərbaycanın işğal edilmiş rayonlarından olan qaçqın-köçkünlərin probleminə cəlb etməyə, aparıcı beynəlxalq təşkilatları və Avropa Birliyi ölkələrini Azərbaycan cəmiyyətinin həmin təbəqələrinin sosial və iqtisadi reabilitasiyası proqramlarının həyata keçirilməsinə qoşmağa.
3. Dünya birliyini Ermənistanın Azərbaycana qarşı təcavüzü faktını tanımağa və qəbul etməyə vadar etməyə; Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əsas götürülməli olan başlıca prinsiplərin, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü prinsipinin beynəlxalq hüquq baxımından rəsmiləşdirilməsinə.
4. Nəhayət, deyərdik ki, ən başlıcası, dövlət hakimiyyəti təsisatlarını bərpa etməyə və möhkəmlətməyə, ölkədə siyasi vəziyyəti sabitləşdirməyə, milli iqtisadiyyatı dirçəltməyə, ən müxtəlif sahələrdə köklü bazar islahatları aparmağa. Azərbaycan bütün Xəzəryanı regionun coğrafi-siyasi və coğrafi-iqtisadi mərkəzinə necə sürətlə çevrilmişsə, Ermənistan da bir elə sürətlə özünütəcrid və iqtisadi avtarkiya girdabına yuvarlanmışdır.
X X X
HADİSƏLƏRİN XRONİKASI
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir.
İyunun 24-də Milli Məclisin qərarı ilə o, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olur.
“İzvestiya” qəzeti, 19 sentyabr 2003-cü il.