Prezident: Azərbaycan beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevrilir
Bakı, 30 yanvar, AZƏRTAC
Turizmlə bağlı görülmüş işlər, xüsusilə vizalarla bağlı atılan addımlar Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir. Bu sahədə dönüş yaranıb və əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir.
AZƏRTAC xəbər verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycanda turizmin inkişafından bəhs edən Prezident İlham Əliyev deyib ki,
ölkəmizdə zəngin mədəni irs var, tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib. Otellər, istirahət zonaları fəaliyyət göstərir. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilib. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var.
“Gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda, qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var, viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə ki, bu sahədə böyük təcrübəsi olan ölkələrin təcrübəsindən də istifadə etməliyik”, - deyə dövlətimizin başçısı qeyd edib.