“QAFQAZ UĞRUNDA VURUŞMA”NIN 60 İLLİYİ QEYD OLUNMUŞDUR
Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov Böyük Vətən müharibəsi veteranları qarşısında çıxış edərək xatırlatmışdır ki, 60 il bundan əvvəl gedən döyüşlərdə Sovet İttifaqının müxtəlif bölgələrindən on minlərlə adam həlak olmuşdur. N.Ryabov demişdir: “Bu, Böyük Vətən müharibəsi tarixinin, xalqlarımızı birləşdirən cəbhə qardaşlığı tarixinin qəhrəmanlıq səhifəsidir. Biz faşizmlə mübarizədə canlarından keçmiş insaların xatirəsini daim yad edəcəyik”.
Səfir Hitler Almaniyası üzərində qələbəyə Azərbaycan xalqının töhfəsindən danışaraq vurğulamışdır ki, “Bakı təkcə Qızıl Ordunu yanacaqla təmin etmirdi, həm də yaralıları müalicə edir, ərzaq göndərirdi, Azərbaycanın 600 mindən çox oğul və qızı isə silaha sarılmışdı və onların yarısı cəbhədən qayıtmamışdır”.
Sonra Qafqaz uğrunda döyüşlərin iştirakçılarının - veteranların, o günlərin canlı şahidlərinin məruzələri və çıxışları dinlənilmişdir. Konfrans iştirakçılarının fikrincə, “Qafqaz uğrunda vuruşma 20-ci əsrin möhtəşəm tarixi hadisələrindən biridir və gələcək nəsillər Hitlerin “Edelveys” planını puça çıxarmış bu cəsur insanları heç zaman unutmamalıdırlar”.