QAN YADDAŞI
Qanlı Yanvar faciəsinə həsr olunmuş “Azadlığa aparan yol” fotosərgisi
Bakı, 20 yanvar, AZƏRTAC
Xalqımızın qan yaddaşında əbədi qalan 20 Yanvar hadisələri fədakar fotoqrafların çəkdiyi xronika ilə də əbədiyyət qazanıb. Qanlı şənbə gecəsi sovet ordusu kontingentinin Bakıda törətdiyi qətliamın lentə alınaraq dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidməti olan fotoqraflardan biri də Rasim Sadıxovdur. “Xalq qəzeti” redaksiyasında təşkil edilmiş “Azadlığa aparan yol” sərgisində müəllifin həmin nadir fotoları toplanıb.
AZƏRTAC xəbər verir ki, qəzetin baş redaktoru Əflatun Amaşov tədbiri açaraq xalqımızın müstəqillik mübarizəsində 20 Yanvar hadisələrinin xüsusi rolu olduğunu vurğulayıb, qurbanlar bahasına başa gələn suverenlik və müstəqilliyimizi milli nailiyyət kimi dəyərləndirib.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra bildirilib ki, tanınmış jurnalist Rasim Sadıqova məxsus olan 20 Yanvar mövzulu fotolar əsl tarixi sənədlər kimi dünyaya yayılıb və o zaman Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasının yarılmasında böyük önəm daşıyıb.
Tədbirdə çıxış edən Rasim Sadıxov özünün bir vətəndaş və fotoqraf kimi həmin hüznlü günlərdəki yaşantılarından danışıb, nümayiş etdirilən ayrı-ayrı fotolardan bəhs edərək, onların çəkilişi zamanı qarşılaşdığı maneələri necə dəf etməsini xatırlayıb. Qaçan anları fotoaparatının bir şaqqıltısı ilə özünün qənimətinə çevirə bilmiş peşəkar fotojurnalistin “Azərbaycan” nəşriyyatındakı yarıqaranlıq fotolaboratoriyasında lentləri yuyub iplərdən asdığı, şüşələrə yapışdırıb qurutduğu məqamlar gözlər önündə canlanıb.