Qanunsuz neft məhsulları satışının qarşısı alınıb
Bakı, 21 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinin təmin edilməsi istiqamətində birgə fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında yerləşən “Avto Qarant” ASC-nin ərazisində yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları (yağ) ilə dolu çənlərin saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar qurumun əməkdaşları dərhal göstərilən ünvana yollanıblar.
Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və satışının həyata keçirilməsi faktı aşkarlanıb.
Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN-in əməkdaşları çənlərin istismarını dərhal dayandırıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktı sahibkara təqdim edib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.