Qanunsuz ovla məşğul olanlar cərimələndilər
Bakı, 16 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə dekabrın 13-dən 16-dək ölkə ərazisində növbəti reydlər keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Göyçay rayonunun Kürdşaban kəndi ərazisində qanunsuz ovla məşğul olan İsmayıllı rayonunun Külüllü kənd sakini İsmayıl Hacıbalayev saxlanılaraq ondan 1 ov tüfəngi, 8 patron və 1 qaranaz quşu götürülüb. Faktla bağlı təqsirkar şəxs barəsində akt və protokol tərtib edilib və qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.
Göyçay rayonunun İnçə kəndi ərazisində qanunsuz ov edən kənd sakini Rüstəm Abbasovdan isə 1 ov tüfəngi, 5 patron və 1 ördək götürülüb. Qanun pozucusuna 1000 manat məbləğində cərimə tətbiq edilib.
“Şərbətqobu” ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reydlər zamanı qanunsuz ovla məşğul olan Kürdəmir rayonunun Söyüdlər kənd sakini Ziyad Nəsirovdan və Laçın rayonunun Sadınlar kənd sakini Nicat Allahverənovdan 2 ov tüfəngi və 4 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxslərin hər biri 1000 manat məbləğində cərimə edilib.
Şahdağ Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan İsmayıllı rayonunun Lahıc kənd sakini Məhəmməd Nəcəfov da saxlanılıb. Ondan 1 ov tüfəngi və 1 ədəd ovlanmış cüyür götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində müvafiq qaydada akt və protokol tərtib edilərək 2000 manat məbləğində cərimə olunub.
Şahdağ Milli Parkının ərazisində növbəti reyd zamanı isə qanunsuz ovla məşğul olan Qəbələ rayonunun Abrıx kənd sakinləri Rəşad Rəfiyev, Qaya Xurşudov, Murad Yəhyayev və Zahir Ağakərimovdan 4 ov tüfəngi götürülüb. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə edilib.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Masallı rayonunun Mololan kənd sakini Fərahim Hüseynovdan 1 ov tüfəngi və 24 patron götürülüb. Təqsirkar şəxs 1000 manat məbləğində cərimə olunub.
Reydlər davam etdirilir.