Qəbələ ziyalısı: Ordumuzun zəfər çalacağına ürəkdən inanırıq
Qəbələ, 23 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ turizm şəhəridir. Tanrı Qəbələyə öz səxavətini əsirgəməyib, təbiət gözəlliyi bəxş edib. Beynəlxalq musiqi festivalına, tədbirlərə ev sahibliyi etməsi son illər Qəbələyə işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Gələn qonaqlar rayonun tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq oktyabrın 22-də səhər saatlarında cəbhə zonasından 150 kilometr uzaqlıqda yerləşən Qəbələni, həmçinin digər yaşayış məntəqələrimizi raket atəşinə tutmaqla öz təcavüzkarlıq siyasətini bir daha bütün dünyaya nümayiş etdirib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qəbələ rayonunun ziyalısı, təhsil işçisi Tərbiyə İsayeva söyləyib.
Rayon ziyalısı deyib: “Ermənilər bizim şücaətli ordumuzla üzbəüz döyüşdə duruş gətirə bilmir, silahlarını dinc əhaliyə tərəf yönəldirlər. Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni qəsbkarlarına layiqli cavab verir. İşğal altında olan torpaqlarımız, yaşayış məntəqələrimiz bir-birinin ardınca düşməndən azad edilir. Biz Azərbaycan Ordusunun zəfər çalacağına ürəkdən inanırıq. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.