Qəbələdə “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda tədbir keçirilmişdir
Qəbələ, 10 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda keçirilən tədbirdə məlumat verilmişdir ki, Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar təhsil ocağında silsilə tədbirlər təşkil olunmuşdur. Tədris mərkəzinin tələbələri arasında inşa, rəsm, bədii qiraət və ifa üzrə müsabiqələr, bilik və idman yarışları keçirilmişdir.
Tədbirdəki çıxışlarda qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin banisi, dahi şəxsiyyət, müdrik siyasətçi və insan hüquqlarının etibarlı təminatını yaratmış böyük liderdir.
Mərasimdə Ulu Öndərin həyat və fəaliyyəti, zəngin irsi barədə tələbələrə ətraflı məlumat verilmiş, “Heydər Əliyev və müasir gənclik”, Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır”, “Heydər Əliyev və turizm” mövzusunda məruzələr dinlənilmişdir. Qeyd olunmuşdur ki, hər bir xalq öz qəhrəmanları, görkəmli şəxsiyyətləri ilə fəxr edir, onların göstərdiyi yolla gedir. Tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi insan Heydər Əliyev öz uzaqgörənliyi, zəkası, vətənpərvərliyi ilə həmişə hər birimizə örnək olacaqdır.
Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə və fotoşəkillərə baxmışlar.