Qəbələdə sənaye məhsulları istehsalında 10 faiz artım qeydə alınıb
Qəbələ, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 66 milyon 443,1 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 13,4 min manat və ya 10 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 11,5 faizi dövlət, 88,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 6 ayda rayonda 7 milyon 764,4 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 11,7 faizini təşkil edir.
İdarədən verilən məlumata görə, Qəbələ rayonunun sənayesi əsasən, mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-iyun aylarında rayonda istehsal edilən sənaye məhsulunun 86,5 faizi emal sektorunun payına düşüb.