QAN YADDAŞI
Qətərdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində anım mərasimi keçirilib. Mərasimdə Qətərdəki Azərbaycan icmasının nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Mahir Əliyev Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqda ətraflı məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirib və 33 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda tədbir iştirakçılarına geniş məlumat verib.
Səfir yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər tərəfindən 150 dinc, əliyalın sakinin vəhşicəsinə qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığını bildirərək, bu hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev bəyanatla çıxış etdiyini qeyd edib, məhz Ulu Öndərin bəyanatından sonra dünya ictimaiyyətinin Bakıda baş verən qanlı hadisələrdən xəbər tutduğunu diqqətə çatdırıb.
Faciənin baş verdiyi dövrə nəzər salan səfir M.Əliyev, o dövrün gərgin ictimai-siyasi hadisələri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından söz açıb, faciəni törədənlərin məqsədinin Azərbaycan xalqının iradəsini qırmaq, azadlıq eşqini məhv etmək istəyi olduğunu vurğulayıb.
Səfir bu gün ölkəmizin Ümummilli Liderin davamçısı olan Prezident İlham Əliyev kimi güclü rəhbərinin olduğunu bildirərək, onun rəhbərliyi altında dünyada respublikamızın mövqeyinin gündən-günə möhkəmləndiyini və öz sözünü demək imkanlarının olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı Qətər XİN-ə və ölkədə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinə göndərilib.