QHT sədri: Ağacəkmə aksiyaları ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərir
Bakı,16 mart, AZƏRTAC
2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərindən biri məhz təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi müəyyənləşdirilib. Sevindirici haldır ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən tədbirlər çərçivəsində ağacəkmə aksiyaları silsilə halı alıb. Bu isə ümumiyyətlə dünya ekoloji mühiti üçün mühüm əhəmiyyət kəsb edir. Ağaclar oksigenin mənbəyidir və insanların təmiz hava ilə təmin olmasının birinci mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Müşviqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında "Mühit" Ekoloji Mühafizə İctimai Birliyinin sədri Əzizağa Hümbətəliyev deyib.
O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin ölkəmizin ekoloji mühitinə göstərdiyi diqqət və qayğı göz qabağındadır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məhz Azərbaycanda keçirilməsi də bunun bariz nümunəsidir. Danılmaz faktdır ki, bu kimi aksiyalar və tədbirlər dünyamızın, o cümlədən ölkəmizin ekoloji vəziyyətinə də müsbət təsir göstərir.
“Arzumuz işğaldan azad edilmiş ərazilərimizdə keçirilən ağacəkmə aksiyalarında da iştirak etməkdir”, - deyə QHT sədri bildirib.