“Qubek Hotel” İstirahət Mərkəzinin nailiyyətləri Beynəlxalq turizm sərgisində nümayiş etdirilir
Bakı, 5 aprel (AZƏRTAC). “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə aprelin 4-dən 6-dək Bakı Sərgi Mərkəzində keçirilən 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən “Qubek Hotel” İstirahət Mərkəzi də qazandığı nailiyyətləri nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, sərgidə ayrıca pavilyonla təmsil olunan “Qubek Hotel” iştirakçılara yüksək keyfiyyətli servis və zəngin çeşidli turlar təklif edir. Burada quraşdırılmış stendlər, təqdim olunan büroşürlar, həmçinin böyük monitorda nümayiş etdirilən videoçarx və “Qubek Hotel” binasının zövqlə hazırlanmış maketi İstirahət Mərkəzinin fəaliyyəti barədə zəngin təəssürat yaradır. Beynəlxalq standartlara malik 4 ulduzlu “Qubek Hotel” İstirahət Mərkəzi ARDNŞ tərəfindən inşa olunmuşdur. İstirahət Mərkəzində hazırlanmış proqramda Zaqatala şəhərinə, Şəki Xan Sarayına, Qax rayonuna və bu rayonun İlisu qəsəbəsinə turlar da yer alır. Burada istirahət edənlər həmçinin otelə məxsus avtobuslarla Gürcüstanın Tbilisi, Borjomi və Bakuriani şəhərlərinə səfər edir, qonşu respublikada bu ölkənin özünəməxsus milli adət və ənənələri ilə tanış olur, dadlı təamlarına qonaq edilir. Həvəskarlar üçün dağ gəzintisi, ovçuluq, balıq ovu, atçılıq nəzərdə tutulur. Bütün bunlarla yanaşı, ARDNŞ Sosial İnkişaf İdarəsinin təşkilatçılığı ilə müxtəlif musiqi və rəqs kollektivləri istirahətə gələnlərə zəngin və rəngarəng konsert proqramları təqdim edirlər. Qeyd edək ki, 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində dünyanın 35 ölkəsindən 60-dan çox istiqaməti təqdim edən 251 şirkət iştirak edir. Sərgidə 20 ölkə milli stendləri ilə çıxış edir. Azərbaycanın 22 şəhər və rayonunun turizm potensialı da sərgidə nümayiş olunur.