Qusarda polis əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər
Qusar, 22 may, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan, eləcə də bu döyüşlərdə sağlamlıqlarını itirən igidlərimizin ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yaşayan 37 şəhid ailəsi və 13 qazi ilə görüşüblər. Polis əməkdaşları hər bir soydaşımızın torpaqlarımızın azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir.
Görüşlərin sonunda şəhid ailələrinin doğmalarını, ailə üzvlərini narahat edən məsələlər dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilər diqqətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür ediblər.