Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının növbəti iclası keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının (ETŞ) növbəti iclası keçirilib. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli gündəliyi elan etdikdən sonra, geologiya-mineralogiya elmlər doktoru, professor Adil Əliyev “Palçıq vulkanının fəaliyyətinin aktivləşməsi-zəlzələ müjdəçisi” mövzusunda məruzəsini təqdim edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu “Seysmik kəşfiyyat” laboratoriyasının müdiri Tarverdi Niyazovun yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Seysmik kəşfiyyat məlumatları əsasında Yevlax-Ağcabədi çökəkliyi strukturlarında Təbaşir çöküntülərinin daxili geoloji quruluşunun tədqiqi" mövzusunda dissertasiya işinin müzakirəsi olub.
İclasda, həmçinin ETŞ-nin gündəliyinə daxil olan digər məsələlərə - AMEA nəzdində RSXM-in “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru İlyas Kazımovun dosent elmi adını almaq üçün namizədliyinin irəli sürülməsi və mərkəzdə çalışan doktorantlar və dissertantların elmi işlərinin yerinə yetirilməsi haqqında hesabatlara da baxılıb.