Saatlıda ümumi məhsul istehsalının həcmi 4,8 faiz artıb
Saatlı, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonu üzrə 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 20 milyon 354,5 min manat və ya müqayisəli qiymətlərlə 4,8 faiz artaraq 208 milyon 947,8 min manata çatıb.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə tikinti sahəsi üzrə 2,3 dəfə, informasiya və rabitə sahəsi üzrə 14,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 7,9 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 1,1 faiz artıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 19 milyon 699,1 min manat və ya müqayisəli qiymətlərlə 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 2 milyon 480 min manat və ya müqayisəli qiymətlərlə 3,2 faiz çoxalıb. 2023-cü ilin yanvar-may ayları ərzində isə bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 551,7 manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 52,5 manat və ya 10,5 faiz çoxdur.