Sabah bəzi yerlərdə qar yağacağı gözlənilir
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Temperaturun anomal gedişi gözlənilir: havanın temperaturunun gecə 5-7° isti, günün birinci yarısında 9°-dək isti, günün ikinci yarısında 3-5° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə duman olacağı, gün ərzində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 1-6° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı, axşama dogru bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtada 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində arabir yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, axşama doğru dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7° isti, gündüz 8-10° isti, dağlarda gecə 0-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir.