Şagirdlərə tullantılardan istifadə qaydaları öyrədilib
Bakı, 29 fevral, AZƏRTAC
“Təmiz Şəhər” ASC “Kaspi” liseyində ustad dərsləri təşkil edərək şagirdlərə tullantılardan alternativ formada istifadə qaydalarını öyrədib. Uşaqlar lazımsız hesab olunan materiallardan müxtəlif əşyalar hazırlayıblar.
ASC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının mümkünlüyünü təbliğ etməkdir.
“Təmiz Şəhər” ASC və “Kaspi” liseyi tullantıların idarə olunması və məktəblilərin maarifləndirilməsi istiqamətində bir neçə aydır ki, əməkdaşlığa başlayıb. ASC “Kaspi”nin Sabunçu rayonunda yerləşən filialında xüsusi tullantı qutuları yerləşdirərək buradakı kağız və plastik materialların çeşidlənmiş formada yığımını həyata keçirir. Son iki ay ərzində həmin qutulardan 500 kiloqrama yaxın makulatura yığılıb. Həmin makulatura yenidən kağız hazırlanması üçün təkrar emala yönəldilib. Əgər 100 kiloqram makulaturadan alınan kağızın 1 ağacdan hazırlanan kağıza bərabər olduğunu nəzərə alsaq, “Kaspi” liseyinin şagirdlərinin 5 ağacı kəsilməkdən xilas etdiyini demək olar.
Artıq liseyin Xətai rayonunda yerləşən filialında da bu cür qutular yerləşdirilib və tullantıların çeşidlənmiş formada toplanmasına başlanılıb.