Şahdağ Milli Parkının ərazisində qanunsuz ov edənlər cərimələndilər
Bakı, 25 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə dekabrın 12-dən 24-dək ölkə ərazisində keçirilmiş reydlərin nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Şahdağ Milli Parkının Qəbələ bölməsinin ərazisində qanunsuz ovla məşğul olan Qəbələ rayon sakinləri Rövşən Qasımov, Murad Mürsəlov, Vüqar Qafarov və Telman Aydınlıdan 4 ov tüfəngi götürülüb. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
Parkın İsmayıllı bölməsinin ərazisində isə qanunsuz ov edən İsmayıllı rayon sakinləri Bakıxan, Şakir və Məzahir Həsənovlar saxlanılıblar. Onlardan 3 ov tüfəngi götürülüb. Təqsirkar şəxslər ümumilikdə 3000 manat məbləğində cərimə edilib.
Parkın Quba bölməsinin ərazisində qanunsuz ovla məşğul olan Sumqayıt şəhər sakinləri Hüseyn Hüseynov, Rövşən Abulov, Şakir Qəhrəmanov, Vəli Hüseynov, Məhəmmədəli Niyazov və Xırdalan şəhər sakini Mustafa Nəbiyev saxlanılıblar. Qanun pozucularından 6 ov tüfəngi götürülüb və ümumilikdə onlara 6000 manat məbləğində cərimə tətbiq edilib.
Eyni zamanda, həmin ərazidə keçirilmiş növbəti reyd zamanı ovla məşğul olan naməlum şəxs nazirliyin əməkdaşlarını görən kimi ov tüfəngini ərazidə qoyaraq qaçıb. Ov silahı götürülərək qanunamüvafiq qaydada akt tərtib olunub və təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə müraciət edilib.