“Şahdağ” Qış-Yay Turizm Kompleksinə infotur təşkil olunmuşdur
Bakı, 11 fevral (AZƏRTAC). Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə ölkənin daxili turizm bazarında çalışan 16 turizm şirkətinin əməkdaşları və Azərbaycan Turizm İnstitutunun tələbələri üçün yeni istifadəyə verilmiş “Şahdağ” Qış-Yay Turizm Kompleksinə infotur təşkil olunmuşdur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, qonaqlara kompleks barədə geniş məlumat verilmiş və onlar təklif edilən xidmətlərlə tanış olmuşlar.
Səfər çərçivəsində infotur iştirakçıları ərazinin texniki imkanları ilə də maraqlanmışlar.
Tanışlıq proqramından sonra kompleksin konfrans zalında tədbir keçirilmişdir.
Tədbirdə Nazim Səmədov kompleksin qismən istifadəyə verildiyini və bunun nəticəsində turist axınının çox olduğunu nəzərə çatdıraraq bununla bağlı çətinliklərin yarandığını söyləmişdir.
Kompleksin direktoru Emin Haşımov burada yaradılmış mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətləri ilə əməkdaşlığın səmərəli mexanizmlər çərçivəsində qurulmasının vacibliyini vurğulamışdır.
Daha sonra turizm şirkətləri nümayəndələrinin kompleksin xidmətlərinin təkmilləşdirilməsinə dair təklifləri dinlənilmiş və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşün nəticəsi olaraq belə bir razılıq əldə olunmuşdur ki, qismən istifadəyə verilmiş kompleksə səfər üçün akkreditasiya olunmuş şirkətlər tərəfindən yerlərin bronlaşdırılması və kompleksə gətiriləcək turist qrupları barədə məlumatların paylaşması sistemi tətbiq edilsin.
Eyni zamanda, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələn turistlərin hamısının sığortalanmasının vacibliyi vurğulanmışdır.
Kompleksə sifarişlərin qəbul olunması üçün Bakı şəhərində “Call Center” məlumat və sifariş mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzin əlaqə nömrəsi (012) 310 11 11-dir.