“Sakura ağaclarının Azərbaycanda çiçəklənməsi” mövzusunda tədbir keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyinin (İB) dəstəyi və təşkilatçılığı ilə “Sakura ağaclarının Azərbaycanda çiçəklənməsi” mövzusunda tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağında təşkil olunana tədbirdə İB-nin sədri Təranə Hüseynova təmsil etdiyi qurumun son illərdə reallaşdırdığı layihələrdən söz açıb. O, təşkilatın təşəbbüsü ilə Yaponiyadan gətirilən Sakura tınglərinin 2008-ci ildə Mərkəzi Nəbatat bağında əkilməsi barədə məlumat verib. Bildirib ki, təşkilatı hər il bu ağacların Azərbaycan mühitində necə böyüməsi və çiçək açmasını müşahidə edərək onlar haqqında yaponlara ətraflı məlumat verir. Belə ki, 10 il ərzində bu ağaclara qayğı ilə baxılır. Sakura ağacları Azərbaycanda gözəl yetişir və çiçək açır.
Təranə Hüseynova deyib ki, bu ağac Yaponiya xalqı üçün müqəddəsdir. Eyni zamanda, bu ağacların Azərbaycan və Yaponiya xalqları arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında simvolik olaraq körpü rolunu oynaması diqqətə çatdırılıb. Vurğulanıb ki, təşkilatın adı da məhz bu ağacın, hər iki ölkədə bitən yəni albalı ağacı kimi tərənnüm olunaraq adlanması baxımından yaranıb.
Təranə Hüseynova təşkilat tərəfindən gündoğan ölkədən gətirilən Sakura ağaclarının Yaponiya səfirliyinin təklifi ilə Mərkəzi Nəbatat bağında əkilməsini qeyd edərək bildirib ki, birliyin təşəbbüsü ilə ağacların 20 ədədi Şirvan şəhərində orta məktəbin həyətində əkilib.
Qeyd edilib ki, Mərkəzi Nəbatat bağında Sakura ağaclarından başqa, yapon əzgili, armudu, heyvası və çiçəkləri də var.