Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, martın 30-da Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Salyan Yolu şosesi, 22 ünvanında jurnalistlər üçün tikilmiş binalar da dezinfeksiya edilib. Qeyd edək ki, beş blokdan ibarət çoxmərtəbəli iki yaşayış binasında 1000-dən artıq sakin yaşayır.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədovun sözlərinə görə, rayon ərazisində koronavirusa yoluxma təhlükəsinin qarşısını almaq məqsədilə xüsusi qrup yaradılıb və bu qrup yaşayış binalarında, binaların ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri həyata keçirir. Tədbirlər zamanı həmin yerlər xüsusi məhlulla dezinfeksiya edilir.
İcra nümayəndəsi bildirib ki, dezinfeksiya işləri gün ərzində mütəmadi olaraq həyata keçirilir. Mobil qrup bu gün 20-ci sahənin dezinfeksiyası ilə məşğul olacaq.
Azərbaycan hökuməti koronavirusun qarşısının alınması və yoluxma hallarının sayının azaldılması məqsədilə müvafiq tədbirlər həyata keçirir. Bu xəstəlikdən daha az zərərlə xilas olmaq üçün vətəndaşlarımız mümkün qədər evdən çıxmamalı, gigiyena və təmizlik qaydalarına riayət etməlidirlər.