“SEÇKİLƏR BAŞ TUTMUŞ VƏ CİDDİ POZUNTULARA YOL VERİLMƏMİŞDİR”
Azərbaycan Milli Məclisinin deputatları Elmira Axundovanın və Adil Əliyevin də daxil olduqları MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupu bəyan etmişdir ki, Rusiya Dövlət Dumasına seçkilər baş tutmuş və ciddi qanun pozuntularına yol verilməmişdir. Azərbaycanlı deputatlar Rusiya Federasiyasının şimal paytaxtı sayılan Sankt-Peterburqda müşahidəçi missiyasını həyata keçirmişlər.
E.Axundova Vətənə qayıdandan dərhal sonra AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Əvvələn, MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər missiyasının işləməsi üçün yaxşı təşkilati-texniki şərait yaratmasını qeyd etmək istərdim. Biz oraya gələn kimi beynəlxalq müşahidəçilər üçün yaddaş kitabçaları və tövsiyələrdən başlamış, RF-də siyasi sistemin quruluşu barədə arayışlara qədər bütün zəruri sorğu materialları və sənədlərlə, seçkiqabağı debatlar haqqında informasiya ilə, Sankt-Peterburqun rayonları və bələdiyyələrinin ətraflı siyahıları və başqa məlumatla təchiz olunduq. Bundan əlavə, seçkilərdən bir gün əvvəl biz Leninqrad vilayəti MSK-sının rəhbərliyi, habelə Sankt-Peterburq seçki komissiyasının sədri ilə görüşdük. Bütün bunlar şəhərdə seçkiqabağı vəziyyətin xüsusiyyətləri ilə tanış olmağa və öz missiyamızı layiqincə yerinə yetirməyə hazır olmağa imkan verdi. Bununla əlaqədar, MDB Parlamentlərarası Assambleyasının baş katibinin müavini Tatyana Vasilyevna Zaxarovaya xüsusi təşəkkürümü bildirmək, eləcə də MDB PAA yanında fəaliyyət göstərən Demokratiyanın və parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət edilməsi məsələlərinin beynəlxalq monitorinqi institutunun səmərəli işini qeyd etmək istərdim.
Seçkilərin özünə gəldikdə isə, dekabrın 2-də bütün gün ərzində biz şəhərdə səsvermə prosesini müşahidə etdik, seçki məntəqələrinin texniki təchizatı ilə tanış olduq, seçki komissiyalarının üzvləri, siyasi partiyalardan olan müşahidəçilər və seçicilərin özü ilə söhbət etdik. Seçkilər sakit, mən deyərdim ki, təmkinli şəraitdə keçdi, şəhərdə həyat adi normal axarı ilə davam edirdi. Seçki məntəqələrinin, demək olar ki, hamısında hüquq mühafizə orqanları nümayəndələrinin, milis nəfərlərinin olmasına baxmayaraq (biz bu halı qanun pozuntusu kimi qiymətləndirdik), seçki məntəqələri ətrafında hər hansı ajiotaj olmasını görmədik, onlar səsvermə prosesinə əsla müdaxilə etmir və yalnız komissiya işçilərinin təhlükəsizliyini təmin edirdilər.
Seçkilərin qurtarmasına hələ xeyli qalmış mən artıq başa düşmüşdüm ki, Sankt-Peterburqda əsas mübarizə əslən bu şəhərdən olan Vladimir Putinin “Yedinaya Rossiya” (YR) və Sergey Mironovun “Spravedlivaya Rossiya” (SR) partiyaları arasında gedəcəkdir. Demək olar ki, bütün seçki məntəqələrində onların nümayəndələri var idi, başqa partiyalar haqqında isə bunu demək olmazdı. Məsələn, RLDP-nin nümayəndələrinə heç bir seçki məntəqəsində rast gəlmədim, kommunistlər də yalnız ayrı-ayrı məntəqələrdə təmsil olunmuşdu. Seçki məntəqələrinin birində Peterburq Dövlət Universitetinin tələbələrini gördük. Onlar məntəqədən çıxan seçicilər arasında sosioloji sorğu aparırdılar. Tələbələr də respondentlərin cavablarına əsasən təsdiq etdilər ki, Peterburqda ən çox səs toplayan Putinin və Mironovun partiyaları olacaq. Axşam mənim proqnozlarım təsdiqləndi, hərçənd, sizin də bildiyiniz kimi, Rusiyanın müxtəlif regionlarında müxtəlif mənzərə müşahidə olunmuşdur.
Peterburqda seçicilərin fəallığı kifayət qədər yüksək idi. Amma Petroqrad rayon administrasiyasının nümayəndələri ilə söhbət zamanı onlar məyus olduqlarını gizlətmədilər, məntəqələrə daha çox seçici gələcəyini gözləyirdilər. “Yedinaya Rossiya” partiyasının müşahidəçilərindən olan bir qadın səsvermənin sonunda dedi ki, gənclər seçkilərə gəlməyiblər, biz yenə də pensiyaçıların hesabına səs topladıq. Düzdür, seçki məntəqələrində cavanlar da vardı, amma onların sayı həqiqətən az idi.
Yeddi faizlik həddi aşa bilməmiş müxalifət seçkilərdən sonra bəyan etmişdir ki, guya inzibati resurslardan istifadə edilməsi, seçicilərin pulla ələ alınması və səsvermə qutularına bülletenlər atılması kimi çoxsaylı pozuntulara yol verilmişdir. Biz isə belə halların heç birini görmədik. Hərçənd, bəzi pozuntular gözə dəyirdi. Məsələn, şəhərin küçə və prospektlərində “Yedinaya Rossiya”nın seçkiqabağı təşviqat lövhələri şənbə günü hələ də qalırdı.
Ayrı-ayrı seçki məntəqələrinin texniki təchizatı səviyyəsi aşağı idi. Bəzi yerlərdə kabinələr və səsvermə qutuları beynəlxalq standartlara uyğun deyildi, kim bilir, nə vaxtdan qalmışdı. Bu parametrlərə görə “onların” və “bizim” seçkiləri müqayisə etsək, 2005-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri texniki təchizat baxımından daha yaxşı hazırlanmışdı: bizdə şəffaf səsvermə qutuları, barmaqların rənglənməsi üçün şəffaf mürəkkəb, səsvermə üçün müasir kabinələr vardı. Bundan əlavə, Rusiyada uçotdançıxma vəsiqələri sistemi qəbul edilmişdir: hər kəs başqa məntəqədə səs vermək üçün əvvəlcədən öz seçki dairəsinə gələrək uçotdançıxma talonu götürə bilər. Sankt-Peterburq seçki komissiyasının rəhbəri A.Qnyotov bizimlə söhbət əsnasında etiraf etdi ki, bu uçotdançıxma vəsiqələri əsl “başağrısı”dır və onlarda olan məlumata görə, bəzi partiyalar öz məqsədlərinə nail olmaq üçün əsasən tələbələrə pul ödəməklə bu cür vəsiqələri külli miqdarda alırlar.
Amma hər halda, beşinci çağırış Dövlət Dumasına seçkilər kifayət qədər uğurlu oldu. Əlbəttə, təəssüfləndirici haldır ki, əsasən, televiziya şoularında iştirak etməsi və qalmaqallı, o cümlədən bizim respublikamıza da dəxli olan bəyanatları ilə tanınan V.Jirinovskinin lider olduğu RLDP bu dəfə də Rusiya parlamentinə keçməyə müvəffəq oldu. Şəxsən mənim böyük rəğbət bəslədiyim Q.Yavlinskinin və ya M.Barşovskinin partiyalarını təmsil edən gənc intellektualların parlamentə seçilməməsi də təəssüf doğurur, lakin bu seçim - Rusiya xalqının seçimidir və biz buna hörmət etməliyik. Əsas məsələ budur ki, seçicilər öz ölkəsinin tərəqqisinə, sabitliyə, demokratiyanın təkamül yolu ilə inkişafına səs verdilər.
...Dekabrın 1-də bizim üçün Tavriya sarayına kiçik bir ekskursiya təşkil etdilər. Mən də vaxtilə birinci Dövlət Dumasının iclasının keçirildiyi həmin saraydakı məşhur tribuna arxasında bir qədər dayanmaq şərəfinə nail oldum. Pyotr Stolıpin sonradan dillər əzbəri olmuş məşhur “Sizə böyük sarsıntılar lazımdır, bizə isə böyük Rusiya lazımdır” sözlərini məhz bu tribunadan söyləmişdi. Deyəsən, bu arzu 100 ildən sonra çin olmağa başlayır”.