Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrupun üzvləri saxlanılıblar
Bakı, 12 sentyabr, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki fərdi evdən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 8 min ABŞ dolları, 8 min manat məbləğində pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Şəki şəhər sakini - Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Aparılan araşdırma zamanı məlum olub ki, E.Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heç kimin olmadığı müddətdə evə daxil olub, pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər. Oğurlanmış qızıl və pul maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Saxlanılan üç nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların digər cinayət əməllərində iştiraklarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.