SEVGİ DOLU ŞEİRLƏR
AZƏRTAC xəbər verir ki, mayın 4-də Beynəlxalq Mətbuat Mərkəzində şairə Zemfira Əlişqızının “Bu sevgi nağıl imiş” şeirlər kitabının və “Mən elə bilirdim”, “Xəbəri yoxdu” adlı disklərinin təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, bir çox kitabları ilə oxucuların qəlbinə yol tapmış Zemfira Əlişqızı öz ənənəsinə sadiq qalaraq bu dəfə də onu sevənlərin görüşünə yeni şeirləri ilə gəlmişdir. “Bu sevgi nağıl imiş” adlı kitabda şairənin müxtəlif mövzularda qələmə aldığı şeirlər toplansa da, ən çox nağıl qədər şirin olan sevgi poeziyasına üstünlük verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Z. Əlişqızının indiyədək 700-dən çox şeirinə mahnılar bəstələnmiş və sözlərinə yazılmış mahnılardan ibarət yeddi diski işıq üzü görmüşdür.
Yeni kitabın və disklərin oxucu və dinləyicilər tərəfindən rəğbətlə qarşılanacağını söyləyən iştirakçılar müəllifə yeni-yeni uğurlar arzulamışlar.