“Skal İnternational Baku” klubunun növbəti toplantısı keçirilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də “Skal İnternational Baku” klubunun növbəti, 13-ci toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, klubun prezidenti Ruslan Quliyev qurumun 2013-cü ildə fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. Bildirmişdir ki, 2009-cu il oktyabrın 8-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə fəaliyyətə başlamış “Skal İnternational Baku” Azərbaycanda ilk turizm professionallarının təşkilatıdır. Postsovet ölkələri arasında ilk təşkilat olan bu qurumun vasitəsilə bütün dünyaya Azərbaycanın turizm potensialını təqdim etmək mümkündür. Bu da öz növbəsində ölkədə turizmin inkişafına kömək edir.
Təşkilat fəaliyyət göstərdiyi qısa müddətdə dünya turizm sahəsində keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Qurum bundan sonra da ölkəmizin turizm potensialını dünya turizm bazarında layiqincə nümayiş etdirəcəkdir.
Tədbirdə cari ildə yaradılmış “Young Skal Azərbaycan” haqqında məlumat verilmiş, turizm sahəsinə gənclərin cəlb edilməsində qurumun əhəmiyyətindən danışılmışdır.
Toplantıda Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar və turizm şirkətləri arasında əməkdaşlıq imkanları, problemlər, qiymət siyasəti müzakirə olunmuş, “TEMPUS” layihəsinin, İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının) səlahiyyətli təlim mərkəzinin, “Şafran” otelinin təqdimatları keçirilmişdir.
“Skal İnternational Baku” və Milli Qeyri-Hökumət Təşkilatları Forumu arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Sonda “Skal İnternational Baku” klubunun yeni üzvlərinə sertifikatlar təqdim edilmişdir.