“Skal İnternational Baku”nun növbəti toplantısı keçirilmişdir
Bakı, 19 dekabr (AZƏRTAC). Dekabrın 19-da “Divan Express” otelində “Skal İnternational Baku” Klubunun növbəti, 12-ci toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra “Skal İnternational” Beynəlxalq Assosiasiyası haqqında film nümayiş etdirilmişdir.
“Skal İnternational Baku” Klubunun prezidenti Ruslan Quliyev qurumun fəaliyyəti və 2012-ci ildə gördüyü işlər haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, 2009-cu il oktyabrın 8-də Bakıda “Hillside” otelində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə açılışı keçirilmiş “Skal İnternational Baku” Azərbaycanda ilk turizm professionallarının təşkilatıdır. Keçmiş sovet ölkələri arasında ilk təşkilat olan bu qurumun vasitəsilə bütün dünyaya Azərbaycanın turizm potensialını təqdim etmək mümkündür ki, bu da öz növbəsində ölkədə turizmin inkişafına kömək edir.
Təşkilat fəaliyyət göstərdiyi qısa müddətdə dünya turizm sahəsində keçirilən tədbirlərdə fəal iştirak etmiş və bundan sonra da ölkəmizin turizm potensialını dünya turizm bazarında layiqincə nümayiş etdirəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vüqar Şıxəmmədov tədbirin əhəmiyyətindən, ölkədə turizmin sürətlə inkişaf etməsindən, bu sahədə dövlət proqramlarının uğurla həyata keçirildiyindən danışmış, nazirliyin “Skal İnternational Baku”ya hər zaman rəsmi dəstək verməyə hazır olduğunu bildirmişdir.
Toplantıda “Evimiz Azərbaycan” jurnalının strukturu təqdim edilmişdir. Bildirilmişdir ki, ölkədə daxili turizmin inkişafı və onun yüksək dünya standartları səviyyəsinə çatdırılması kimi hədəflər nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda turizm imkanları, turizm sektoru və onun inkişafına həsr olunmuş belə bir jurnalın nəşrinə başlanılır.
Jurnalın baş redaktoru Sevil Zeynalqızıdır. Jurnal 18 rubrika, o cümlədən, “Tur-imkan”, “Reytinq”, “İnfrastrukturizm”, “İstiqamət”, “Xidmət”, “Biznes turizmi”, “Peşəkar”, “Bilmək lazımdır”, İstirahət mərkəzi”, “Xəbərlər", “Bir gün Azərbaycanda”, “Kənardan baxış” “Turbiznes” və s. rubrikalardan ibarətdir.
Tədbir iştirakçılarına www.azerbaijanbooking.com saytı, tədbirin baş tutduğu məkan - 62 nömrədən ibarət “Divan Express Baku” mehmanxanası da təqdim edilmişdir.